"Neftçi"nin kapitanı Emin Mahmudov səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi görüşlə bağlı təəssüratlarını bölüşüb, baş hakim İnqilab Məmmədovun idarəçiliyindən kəskin narazılığını bildirib:
- Məncə, futboldan danışmağın yeri yoxdur. Başa düşürük ki, biz hakimlərə qarşı oynayırıq. Neçənci dəfədir ki, matçın sonlarında bizə qarşı belə haqsızlıqlar olunur. Hər görüşün sonunda top cərimə meydançamızda olanda, gözləyirəm ki, hakim özündən nəsə çıxarsın ki, qələbəmizi əlimizdən alsın. Yenə də biz çalışırıq, xarakter göstəririk amma baxıram ki, bizim üçün çətin olacaq. Azarkeşlərimizin dəstəyi ilə çalışacağıq ki, avroliqaya gedə bilək. Yenə çıxıb deyəcəklər ki, qapıçı topu görürdü. Guya, biz ofsaydın nə olduğunu bilmirik, necə dirsək olur onu bilmirik. Özündən soruşsan o da bilmir penalti nədir, ofsayd nədir. Başa düşdük ki, nə qədər yaxşı çıxış etsək də, bizə çətinlik yaradacaqlar.
- Gərək hər oyunda 2-3 dənə qol vurasınız...
- Bəli, elə fərq yaratmalıyıq ki, hakimin əli çatmasın. "Zirə" də elə komanda deyil ki, istədiyin kimi 2-3 top vurasan. VAR nə üçün lazımdır, başa düşmürəm. Məncə, onu yığışdırmaq lazımdır. Çünki, VAR-da oturan kim idi, bilmirəm. Nəyə lazımdır, kimə lazımdır anlaya bilmirəm.
- Onlar elə düşünürdü ki, rəqib futbolçu qapıçının baxışına mane olmurdu...
- Yəqin ki, kordur. Başqa nə ola bilər?
- Nə zamana qədər belə davam edəcək? Çempionatın sonudur artıq.
- Tək yolumuz odur ki, hər oyunda çoxlu top vuraq. Başqa variant yoxdur. 1 qolla qələbə qazana bilmərik. 3-4 qol vurmaq lazımdır. Bu gün VAR-da oturan şəxs bütün işi həll etdi.
- Sonda dava nə ilə bağlı oldu, rəqib futbolçu nə etdi?
- Junior Martins idi. Hörmətsizlik etdi, qarşımızda sevinməyə başladı. O da, öz səviyyəsini göstərdi.
- Oyundan sonra Rəşad Sadıqov mətbuat konfransında sizdən üzr istədi...
- Sağ olsun.
- Qırmızılar oldu, "Qarabağ"la oyunda ciddi təsiri olacaq...
- Hakim paylayırdı da... Yalnız bizim oyunçulara "qırmızı" verirdi. Ordan yalnız texniki zonaya verilib. Onlar bizim önümüzdə sevinsin, hər şeyi eləsin, amma qırmızı bizə verilsin. Başa düşürük. "Qarabağ"la oyundan öncə 5 qırmızı verirlər...
- Sizcə, bunlar "Qarabağ"la oyundan öncə bilərəkdən edilib?
- Bilərəkdəndir, ya yox, bilmirəm. Bizə "qırmızı"lar verirlər, matçın vaxtını bizim üçün sərf etməyən formada dəyişirlər. 4 gündən bir oyun oynayırıq. Belə görürəm, bizi düşünən yoxdur. Yalnız özümüz özümüzü düşünməliyik.












































































