Azərbaycan Premyer Liqasının XXVIII turunda “İmişli”nin kapitanı Azər Salahlı “Kəpəz” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Sportnet.az-a danışan təcrübəli futbolçu oyunun çətin keçəcəyini əvvəlcədən bildiklərini vurğulayıb:
“Bu oyunun çətin keçəcəyini bilirdik. Çünki hər iki komanda üçün çox vacib matç idi. Mövqe baxımından bu, 3 xallıq yox, 6 xallıq oyun sayılırdı. Qələbə qazandığımız üçün xoşbəxtik və artıq diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.”
Salahlı bu qələbə ilə komandanın Premyer Liqada qalmaq şansını xeyli artırmasına baxmayaraq, arxayınlaşmayacaqlarını deyib:
“Belə bir halın yaşanacağını düşünmürəm. Biz oyundan-oyuna hazırlaşırıq. Hər rəqib fərqlidir. Növbəti matçda da maksimum nəticə üçün meydana çıxacağıq. Liqada qalmağımız və ya neçənci pillədə olmağımız fərq etmir, əsas məqsədimiz hər oyunda yaxşı nəticə göstərməkdir.”
Kapitan “Sumqayıt”la qarşıdakı oyun barədə də danışıb və əlavə motivasiyaya ehtiyac olmadığını bildirib:
“Sumqayıtla oyunda baş verənlər artıq keçmişdə qalıb. Bu, çempionatın əvvəlində yaşanmış bir hadisə idi və artıq unudulub. Növbəti oyuna adi matç kimi hazırlaşacağıq, xüsusi prinsipiallıq yoxdur.”
O, əvvəlki qarşılaşmada yaranan gərginliyə də aydınlıq gətirib:
“Orada sadəcə son dəqiqələrdə penalti qaçırmağımızdan yaranan aqressiya idi. Böyük bir məsələ deyildi.”

















































































