"Neftçi" klubu Rusiyanın "Dinamo Mahaçqala" komandasının futbolçusu Cavad Hüseynnejad ilə maraqlanır.
Sportnet.az xəbər verir ki, bu barədə Legalbet-in jurnalisti Anar İbrahimov məlumat yayıb.
Mənbənin iddiasına görə, Azərbaycan təmsilçisi 22 yaşlı iranlı yarımmüdafiəçinin çıxışını izləyir. Lakin hələlik Rusiya klubuna rəsmi transfer təklifi göndərilməyib.
Bildirilir ki, "Dinamo Mahaçqala" oyunçunun satışından 1 milyon avrodan çox gəlir əldə etməyi planlaşdırır.
Daha əvvəl Mahaçqala klubunun futbolçunu yayda satmağa hazır olduğu, müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmasa, onunla yolları ayıra biləcəyi qeyd olunmuşdu. Həmçinin oyunçunun "Qarabağ"a da təklif edildiyi, lakin Ağdam təmsilçisinin ciddi maraq göstərmədiyi vurğulanıb.
Xatırladaq ki, Cavad Hüseynnejad 2024-cü ilin avqustundan "Dinamo Mahaçqala"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 33 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 1,5 milyon avro qiymətləndirilir.














































































