"Qarabağ"ın hücumçusu Musa Qurbanlının "Neftçi"ni səfərdə 5:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra Sportnet.az saytına müsahibəsi:
- Görüş haqda fikirlərinizi səsləndirərdiniz...
- Maraqlı oyun alındı. “Neftçi” ilə görüşlərimiz derbidir, həmişə gərgin keçir. Stadionda bu gün atmosfer əla idi. Azarkeşlər möhtəşəm idilər. Buna görə də onlara təşəkkür edirəm. Məncə, hamı üçün maraqlı oyun alındı
- Qollar vurdunuz, məhsuldar ötürmə etdiniz. Çıxışınızı necə dəyərləndirirsiniz?
- Çıxışım uğurlu alındığı üçün xoşbəxtəm. Derbidə qol vurmaq ayrı bir sevinc verir. Bu oyuna çox ciddi, motivasiyalı hazırlaşmışdıq. Mənim üçün də qollar vurmaq, assist etmək, xüsusən də belə bir oyunda komandaya fayda vermək sevindiricidir. Lakin, dayanmalı deyilik. Qarşıda 4 gündən sonra daha bir oyun var. Həmin matça da ciddi hazırlaşmalıyıq.
- Maraqlıdır ki, 5 il əvvəl də bu stadionda böyük hesablı qələbə qazanmışdınız və siz qol vurmuşdunuz...
- Bu, çox xoşdur. Böyük hesablı qələbə qazandığımız üçün də, fərqləndiyim üçün də şadam. Sevindirici haldır.
- Bu oyuna qədər elə vəziyyət yaranmışdı ki, “Turan Tovuz” sizi hətta ikinci pillədən sıxışdıra da bilərdi. “Neftçi” üzərində qələbədən sonra bu təhlükənin sovuşduğunu demək olar?
- Bəli, turnir cədvəlində “Turan Tovuz”la aramızda xal fərqi çox az idi. Bu səbəbdən də “Neftçi” ilə matçda mütləq qələbə qazanmalı idik. Bunun üçün də əlimizdən gələni etdik. Bu gün üçün verilən tapşırıqları yerinə yetirdik.
- “Neftçi” azarkeşlərinin davranışını necə qiymətləndirirsiniz? Hətta oyundan sonra Emil Balayevə yaxınlaşıb etirazınızı bildirdiniz...
- Bəli, dedim. Emil “Neftçi”nin kapitanlarından biridir. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm “Neftçi”yə, həm də komandanın azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq. Çünki “Neftçi” böyük klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Dediyim kimi, biz hörmətlə yanaşırıq. Hörmətin qarşılığı da hörmət olmalıdır. Bu barədə deyəsi başqa sözüm yoxdur.
- “Sabah” artıq 2 oyundan sonra çempionluğunu rəsmiləşdirə bilər. Bu məqam sizə necə təsir edir?
- Biz çalışırıq ki, öz işimizi görək. Başqa komandaların uğurları, ya uğursuzluqları barədə düşünmürük. Hər oyuna maksimum köklənirik ki, maksimum da nəticə qazanaq. İşimiz budur. Hər matça ciddi yanaşmalıyıq.
Mikayıl HACIYEV








































































