Ermənistan və Gürcüstanda 2029-cu ildə 20 yaşadək futbolçular arasında dünya çempionatına birlikdə ev sahibliyi edəcək.
Sportnet.az-ın məlumatına görə, qərar FIFA Şurasının Kanadanın Vankuver şəhərindəki iclasında qəbul olunub.
Ermənistan Futbol Federasiyası açıqlamasında bunun ölkə tarixində ilk dəfə dünya səviyyəli böyük futbol turnirinə ev sahibliyi olacağını vurğulayıb. Qurum bunu beynəlxalq ictimaiyyətin böyük etimadı kimi qiymətləndirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə sosial şəbəkə hesabında paylaşım edərək, ölkəsindəki oyunların İrəvan, Vanadzor (tarixi adı Böyük Qarakilsə) və İcevan (Karvansara) şəhərlərində keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Böyük Qarakilsədəki stadion yenidən qurulur, Karvansarada yeni stadion tikiləcək, İrəvandakı Respublika stadionunda isə yenidənqurma işləri aparılacaq.
Qeyd edək ki, növbəti U-20 dünya çempionatı 2027-ci ildə keçiriləcək. Həmin turnirə Azərbaycan və Özbəkistan birlikdə ev sahibliyi edəcək.













































































