Bakının "İnter” klubu dünən Avstriyadakı toplanış çərçivəsində üçüncü yoxlama görüşünü keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lutzmannsburq qəsəbəsinin "Thermenkurz Hotel"in meydançasında baş tutan "İnter"-"Spartak Trnava" matçı slovakiyalıların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
"Bankirlər” in baş məşqçisi Kaxaber Tsxadadze start heyətində bu futbolçulara yer verib:
Giorgi Lomaya, Arif Daşdəmirov, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Matiya Şpiçiç, Slavço Georgiyevski, Derlis Meza Kolli, Asif Məmmədov(K), Elvin Məmmədov və Dieqo Madriqal.
İkinci hissənin gedişində Elvin Məmmədovu Mikel Alvaro, Slavço Georgiyevskini Abdulla Abatsiyev, Yohan Bokonyanonu isə İvan Benites əvəzləyiblər.
Bu oyunda Azərbaycan təmsilçisinin yeganə qolunu Matiya Şpiçiç vurub. "Spartak Trnava"nın heyətində isə Matus Çonka və Peter Nvorah fərqləniblər.
Qeyd edək ki, "bankirlər” ilk yoxlama görüşündə Avstriyanın 4-cü divizion təmsilçisi "Buhşahen"i 5:0 hesabı ilə məğlub edib. Daha sonra bu ölkənin Bundesliqasında mübarizə aparan "Şturm Qrats” ilə qarşılaşma 3:2 hesabı ilə Azərbaycan vitse-çempionlarının xeyrinə başa çatıb.