"Bizim üçün çətin olacaq. Çünki ilk oyunu evdə uduzmuşuq. Sabahkı oyunda mütləq qalib gəlməliyik. Bakıda "Qarabağ"ı məğlub etmək heç də asan deyil. Lakin bu işin öhdəsindən gəlməliyik". Sportnet.az-ın məlumatına görə, bunu "Yanq Boyz"un baş məşqçisi Harald Gamperle deyib.
Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında Qamperle bunları da əlavə edib: "Sabah biz bu meydançada oynayacağıq. Ona görə də burada məşq edib öyrəşməliyik. Bu UEFA-nın verdiyi qərardır və oyun bu stadionda keçiriləcək. Biz meydana çıxıb qol vurmalı, qələbə qazanmalıyıq. Reynaldo haqda məlumatımız var, yaxşı futbolçudur. Ancaq biz futbolçularımızdan razıyıq".
Baş məşqçi bildirib ki, uğursuz çıxışların səbəbi heyətdə zədəli futbolçuların olması ilə əlaqədardır. Baş məşqçi Bakının bir hissəsini gəzdiklərini də deyib: "Yüngül gəzinti oldu, müasir şəhəriniz var və xoşumuza gəldi".