"Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Rəvan"la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra deyib.
49 yaşlı mütəxəssis rəqibin müqavimətini qıra bilməmələrini sürətli hücumların çatışmazlığı ilə izah edib: "Qarşımızda inamlı müdafiəyə malik "Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır".
Diniyev komandasının qol vura bilməməsindən narahatlığını da dilə gətirib. Baş məşqçinin fikrincə, bu məqam bir futbolçu ilə bağlı deyil: "Başqa problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq "oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu motivasiya hesabına yaxşı nəticələrlə başa vuraq".