"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, klubun baş direktoru Emrah Çelikel braziliyalı yarımmüdafiəçi Çumbinyo ilə müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu bildirib.
E.Çelikel bu addımı "sambaçı"nın komandadan ayrılmaq istəyi ilə əlaqələndirib: "Çumbinyo təkliflərin olduğunu deyərək, getmək istədiyini bildirdi. Biz də hazırkı müqaviləsinin yayda başa çatacağını nəzərə alaraq, problem yaratmadıq. Artıq o, azad agent kimi istədiyi kluba keçə bilər. Yəqin ki, elə keçmiş komandasına qayıdacaq".
Daha öncə "Qarabağ" Vladimir Dimitrovski və Raydell Puponla da yollarını ayırıb, Eltun Yaqublu, Namiq Ələsgərov və Vüqar Mustafayevi isə icarəyə verib.
Qeyd edək ki, Marinaldo Sisero da Silva Çumbinyo "Qarabağ"a 2013-cü ilin yayında Yunanıstan "Atromitos"undan keçib. O, ilk dəfə 2014-cü il sentyabrın 18-də Bakıda Fransa "Sent-Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında zədələnərək, 13 ay müddətinə sıradan çıxıb. Çumbinyo ötən il oktyabrın 17-də "Zirə" ilə Azərbaycan Premyer Liqasının VIII tur matçında meydana qayıdıb. Amma "sambaçı" bundan cəmi 2 ay sonra - dekabrın 10-da Belçikada "Anderlext"lə görüşdə yenidən xəsarət alıb. 30 yaşlı yarımmüdafiəçi müalicəsi ilə Braziliyada məşğul olsa da, "Qarabağ"ın Türkiyənin Antalya bölgəsində keçirdiyi təlim-məşq toplanışında kollektiv məşqlərə qatılıb. (Report.az)