Bir neçə gündür "Neftçi"də baxışda olan Qazaxıstanın "Şaxtyor" klubunun əvəzedici komandasının futbolçusu Akif Həsənov Bakı klubunda çıxış etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a Əsgər Abdullayev açıqlama verib.
Baş məşçinin sözlərinə görə, 19 yaşlı futbolçunu izləməyə getsə də, onu oyunda görməyib: "Onun başqa klubda hansı heyətdə oynadığını bilmirəm. Bizim əvəzedicilərin oyunu var idi və həmin futbolçu da meydana çıxmalı idi. Lakin oyunu izləməyə getdim və onu meydanda görmədim. Görmədiyim futbolçu haqda da nəsə deyə bilmərəm. Təbii ki, Akif Həsənov "Neftçi"nin əsas heyətində yer almayacaq".
Ə.Abdullayev komandanın qapıçısı Miçal Peskoviçdən hələ məlumat olmadığını bildirib: "Özü yaxınlaşıb demişdi ki, ailə vəziyyətimlə bağlı getməliyəm. Bir-iki günə cavab verəcəyini demişdi. hələ heç bir xəbər yoxdur".
56 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın Premyer Liqanın qalan oyunlarında "Neftçi" adına layiq çıxış edəcəyini deyib: "Bu gün son yoxlama görüşümüzü keçirəcəyik. "Kəpəz"lə oyunda Rəhman Hacıyev, Araz Abdullayev və Aqil Məmmədova istirahət verəcəm. Bu cür oyunlarda oyunun nəticəsi yox, futbolçuların yoxlanması önəmlidir. Gənc futbolçular var və onlar verilən şanslardan maksimum yararlanmalıdırlar. "Kəpəz"lə görüşdən sonra kimin əsas, kimin əvəzedici heyətə göndərilməsinə qərar veriləcək. Həmişə demişəm ki, "Neftçi"nin birinci olması adi haldır, amma aşağı pillələrdə olması yaxşı deyil. Komandanın əksər üzvləri gəncdir. Buna baxmayaraq, irəlidəki oyunlarda avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Neftçi" xalqın komandasıdır və bu ada uyğun çıxış etməliyik".