"Bu gün mən bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, necə edim". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev öz "Facebook" səhifəsindəki statusunda yazıb.
Lakin o, ixtisarın klubda, yoxsa digər iş yerlərində baş verməli olduğunu açıqlamayıb: "Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Hərdən o qədər də xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, Pen-klubda da, "Neftçi"də də, Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda da..."
Ç.Abdullayev bildirib ki, ixtisara salıb işdən azad olunası şəxslər arasında böyük ailə başçısı da olub. Lakin xalq yazıçısı həmin şəxsi işdən azad edə və əmri imzalaya bilməyib: "Onun 4 uşağı var və həyat yoldaşı hamilədir. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrinə qol qoya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm. Bizim məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandır. Onlar üçün 100 min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər. Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər. Əmri imzalamadım, imzalamayacağam da. Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram. 4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdır mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdır ləyaqət və xeyirxahlıq çağırışları?"
Daha sonra xalq yazıçısı "Neftçi"yə gəlişindən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdiyini açıqlayıb: "Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər. Fəhlələr, xadimələr, mühafizəçilər, texniki personal ac qalırdı. Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib digərinin baxması utandırıcıdır. Nəyə görə illərdir mən oxucularımı sonda Xeyirin qələbəsinə inandırmağa çalışıram. Əgər özüm öz prinsiplərimə inanmıramsa. Bütün bu ziyalı tör-töküntüsünü hakimiyyətə buraxmamaqla düz edirlər. Doğrudanmı Didro bu sözlərində haqlı olub: "Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdır"? Yoxsa haqsızdır?"