Bu gün "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev sosial şəbəkədə yazdığı statusla klubun əvvəlki rəhbərinin bostanına daş atıb. Sportnet.az-ın məlumatına görə, Ç.Abdullayev sabiq rəhbərin işçilərə yemək vermədiyini deyib.
Həmin vaxt "Neftçi"nin Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri və klub prezidentinin müşaviri vəzifələrində çalışmış Elnur Əşrəfoğlu Ç.Abdullayevin fikirlərinə münasibət bildirib:
"Hörmətli yazıçımız, humanist insan Çingiz Abdullayevin "yeməklə" bağlı fikirləri ilə tanış oldum. O konkret ad çəkməyib. Əgər söhbət Sadıq Sadıqovun "Neftçi"yə rəhbərlik etdiyi dövrdən gedirsə, həmin vaxt Çingiz Abdullayev klubda işləməyib.
O bu məsələ ilə bağlı dəqiq məlumata malik deyil və görünür "ortada gəzənlər" də çox hörmətli yazarımıza düzgün informasiya verməyiblər. Siz bunu həmin vaxt Sadıq Sadıqovun rəhbərliyi altında işləyən və hal-hazırda da "Neftçi"də işləyən icraçı direktor Elnur Məmmədov, icraçı direktorun köməkçisi Mübariz Xudiyevdən soruşsanız daha ədalətli olar. Onlar sizə yemək yeyib-yemədikləri barədə daha dəqiq informasiyanı verər".