"Neftçi" futbol klubunun baş məşqçisi Əsgər Abdullayevin Sportnet.az-a müsahibəsi
- Azərbaycan Premyer Liqasının növbəti turunda əzəli rəqibiniz "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Oyunun hazırlıqları necə gedir?
- Hazırlıqlar normal qaydada davam edir. Sadəcə heyətdə itkilərimiz var. Jairo Rodriges qırmızı, Ruslan Qurbanov isə sarı vərəqə cəzalısıdır. Müdafiəçimiz Məqsəd İsayev və hücumçu Məhəmməd Qurbanov zədəlidir.
- Necə düşünürsünüz, "Neftçi" - "Xəzər Lənkəran" prinsipiallığı, "Böyük oyun" ab-havası hələ də qalıb?
- Həmişə futbolçularıma deyirəm ki, hər bir oyuna sonuncu kimi baxmaq lazımdır. Bu mənada "Xəzər Lənkəran"la görüş bizim üçün önəmlidir. Qələbə haqda düşünürük. Cari mövsümdə bir çox oyunda xalla itirmişik. Avrokuboklara yollanmaq üçün bu xalları qaytarmalıyıq. Geriyə yol yoxdur.
- "Neftçi"də çıxış etmiş Nikolas Kanaleslə müqavilə hansı müddətə nəzərdə tutulub?
- Bu haqda rəhbərlik daha dəqiq məlumata sahibdir. Çünki müqavilə məsələsi ilə mən məşğul olmuram.
- Fikrinizcə Kanales yenidən komandaya kömək edə biləcək?
- "Neftçi"də sırf hücumçu problemi var. Bilirik ki, Ruslan Qurbanov sırf hücumçu mövqeyində deyil. Bu baxımdan Kanales bizə lazımdır.
- Ancaq çilili hücumçu əvvəlki formasında deyil...
- O, peşəkardır və inanıram ki, tez bir zamanda tam formasına qayıdacaq.
- Samir Məsimovun Sloveniyanın "Domjale" klubuna keçidinə münasibətiniz necədir?
- Samirə hörmətim var, yaxşı futbolçudur. İnanıram ki, o, "Domjale"də uğurla çıxış edəcək. "Neftçi"nin futbolçusudur və bu addım Azərbaycan futbolunun xeyrinədir.
- "Neftçi"nin əsas heyətinə çətinliklə düşən gənc futbolçu "Domjale"də çıxış edə biləcək?
- Samir zədə səbəbindən tam formada deyildi. Ancaq son zamanlar yavaş-yavaş formasına qayıdırdı. Düşünürəm ki, Samir "Domjale"də daha yaxşı çıxış edəcək.