"Açığı, komandada həyəcan hiss etdik. Bu həyəcan Gəncədə "Kəpəz"ə uduzduqdan sonra "İnter"lə oyunun motivasiyası fonunda yaranmışdı". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra CBC Sport-a deyib.
Əhmədov bildirib ki, bu hiss özünü 5-ci dəqiqədə real qol epizodundan yararlana bilmədikləri vaxt göstərib: "Bu mövsüm artıq 3-cü dəfə idi ki, futbolçularımız üçün oyun belə keçirdi. Futbolçular arasında aqressivlik hiss olunurdu. "İnter"lə oynamaq bizə xoş deyil. Çünki müdafiədə qapalıdırlar. Orta sahədə Tagim Novruzovun olmaması özünü 90 faiz hiss etdirdi. O, komandanın liderlərindən birinə çevrilib. Orta sahədə top saxlaya bilmirdik. Adan Koronado yanvarın 5-dən bizə qoşulub. "Sumqayıt"la yoxlama oyununda zədə almışdı. Özəlliyi topla rəftarı, meydanı görməsidir. Avroliqada şansımız varsa, istifadə etməyə çalışacağıq".
45 yaşlı mütəxəssis mövsümə Premyer Liqanı tərk etməmək üçün başladıqları halda, hazırda Avropa Liqasına vəsiqə şansı aradıqlarını və bu hədəf uğrunda mübarizəni davam etdirəcəklərini də əlavə edib.