
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor” klubu Türkiyə Superliqasını 5-ci pillədə başa vurub. Sportnet.az-ın məlumatına görə, türk əsilli hücumçunun komandası XXXIV turda "Karabükspor” səfərindən məğlub ayrılıb – 0:1.
Hətta heç-heçə təqdirində 4-cü yeri təmin edə biləcək qonaqlar oyunun tempini öldürəməyə çalışsalar da, 50-ci dəqiqədə İlhan Parlakın dəqiq yerinə yetirdiyi penalti zərbəsi onların planlarını alt-üst edib. 83-cü dəqiqədə Hakan Arslanı əvəzləyən Cihanın səyləri də heç bir bəhrə verməyib.
Yekunda 4-cü pillənin sahibi "Trabzonspor”la eyni – 53 xal toplayan "Sivasspor” əlavə göstəricilərə görə 5-ciliklə kifayətlənməli olub. Bu da millimizin futbolçusunun təmsil etdiyi kluba Avropa Liqasının 3-cü təsnifat mərhələsindən mübarizəyə başlamaq imkanı yaradıb. Halbuki 4-cü pilləni tutsaydı, "Sivasspor” ilk görüşünü Avroliqanın "pley-off” mərhələsində keçirə bilərdi.