"Sumqayıt”la oyun ağır oldu. Bu qarşılaşmada nəticə vacib idi. 3 xal qazanmaqla bunun öhdəsindən gəldik. Çünki qalib gəlməli idik və başqa heç bir nəticə bizi qane etmirdi". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Sergey Zenyov klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, sıx müdafiə olunan komandaya qarşı oynamaq xüsusilə çətin olur. Çünki möhkəm müdafiə səddini yarmaq lazım gəlir: "Sevinirəm ki, bunu bacarıb 3 xal əldə etdik. Təbii ki, matçdan əvvəl rəqibin necə oynayacağını təsəvvürümüzə gətirib, matçın axarını təxminən bilirik. Qarşılaşmalara da buna uyğun hazırlaşırıq. Bu, "Sumqayıt”la da ilk oyunumuz olmadığından, necə mübarizə aparacağımız öncədən bəlli idi”.
Matçın ən yaxşılarından olan hücumçu öz oyununu dəyərləndirib, həmçinin növbəti turun "Rəvan”la görüşü haqda fikirlərini bildirib: "Özüm qol vurmasam da, oyunumdan razı qaldım. Hər halda, məhsuldar ötürmə verməyim sevindiricidir. Qol imkanlarımız daha çox oldu. Bu, sevindirici məqamdır. Amma təəssüf ki, istifadə edə bilmədik. Daha çox fərqlənməyimiz mümkün idi. Lakin əsas odur ki, lazım olan nəticəni əldə edib, qalib gəldik. Növbəti oyundakı rəqibimiz "Rəvan” da elə komandadır ki, əsasən müdafiə olunur. Həmin görüşdə də böyük, çətin səddi yarmalıyıq. Ümid edirəm ki, həmin oyunda bunun öhdəsindən daha yaxşı gəlib, daha çox qol vuracağıq”.
Qeyd edək ki, "Qəbələ” Azərbaycan Premyer Liqasında XXI turun ev oyununda "Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. XX turun "İnter”lə qarşılaşmasını buraxmalı olan Sergey Zenyov dönüşünü qol ötürməsi ilə qeyd edib. Cinahdakı fəallığı ilə seçilən estoniyalı forvard Zetsin qələbə qolunda assistent kimi çıxış edib.