1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Abunəçi" olmağa kimlər namizəddir? - ARAŞDIRMA
Bir vaxtlar "İnter"in bolqarıstanlı prezidenti Georgi Nikolovun Azərbaycan futboluna gətirdiyi yeni termin "abunəçi" adətən mövsümün sonuna yaxın yada düşür. Hər halda, komandalar arasında oyunlar 4-cü dövrədən etibarən başa çatandan sonra araşdırmaya ehtiyac olur.
Nikolov "ağ-qaralar"la oyun ərəfəsində hər dəfə onlara qalib gəldiklərinə işarə verərək, rəqibini "abunəçi" adlandırmışdı. Ancaq indi nə Nikolov var "İnter"də, nə də həmin abunəçilik. Cari mövsümə nəzər salsaq, "İnter" "Neftçi"yə ilk dövrədə evdə 1:0 hesabıyla qalib gəlsə də, ikinci dövrədə səfərdə 1:1-lik bərabərlik olduğunu görə bilərik. Göründüyü kimi, komandalar arasında hələ 2 oyun qalsa da, Nikolovun gətirdiyi termini bu mövsüm həyata keçirmək mümkün olmayacaq. Bəs görəsən, ümumiyyətlə, cari çempionatımızda "abunəçilik"lə bağlı vəziyyət vəziyyət nə yerdədir?
Premyer Liqa təmsilçiləri hələ ki 4 dəfə görüşməsələr də, "abunəçi" olmağa real namizədlər var. Bunlar ilk növbədə "Qarabağ"ın rəqibləriylə bağlıdır. Qurban Qurbanovun yetirmələri "Kəpəz"lə (3:2, 3:0, 2:1) "Xəzər Lənkəran"a (1:0, 1:0, 3:0) cari çempionatda hər 3 matçda qalib gələ bilib. Deməli, Ağdam təmsilçisi bu qələbə seriyasını 4-cü dövrədə də davam etdirə bilsə, həmin əyalət təmsilçiləri onun "abunəçilər"i olacaqlar. Növbədə isə həmin "İnter"lə "Rəvan" durur. Nikolovun 9 il prezidenti olduğu "bankirlər" "Qarabağ"la hər 2 matçda yenildiyindən (0:2, 0:1) özü "abunəçi" olmaq yolundadır. Son pillənin sahibi "Rəvan" da liderə bu çempionatda hələ ki uduzub – 1:2, 0:1. "Qarabağ"la bağlı digər məqam onun bəzi komandalara hələ ki qalib gələ bilməməsidir. Məsələn, bütün milli çempionatlarımızda görüşdüyü "Neftçi"ylə (1:1, 0:1) çempionluq uğrunda rəqibi olan "Qəbələ"yə (2:2, 1:1) hələ ki qalib gələ bilməməsini başa düşmək olar. Ancaq son 2 mövsümün çempionunun turnir cədvəlinin sonlarında gedən "Sumqayıt"ı da məğlub edə bilməməyi (0:1, 2:2) diqqət çəkməyə bilməz.
Əvəzində "Sumqayıt" "Neftçi"nin "abunəçi"si olmaq yolunda irəliləyir. Bu, "gənclik şəhəri"nin təmsilçisinin "ağ-qaralar"la oyunlarda nəticələrində öz əksini tapıb – 1:2, 1:2, 0:1. "Neftçi"nin özü isə turnir cədvəlində "qonşu"su AZAL-ın "abunəçi"si olmaq yolundadır. "Təyyarəçilər"in çalışdırıcısı Tərlan Əhmədov həm futbolçusu, həm də məşqçisi olduğu komandaya bu çempionatda hər 2 oyunda qalib gəlib (2:1, 1:0). Qış fasiləsində heyəti daha da zəifləyən "Xəzər Lənkəran" belə gedişlə "Qəbələ", "Zirə" və "Kəpəz"in "abunəçi"si olmaqdan yaxa qurtara bilməyəcək. Lənkəran təmsilçisi "Zirə"ylə "Kəpəz"lə hər birinə 2 oyunda 0:1 hesabıyla yenilib. "Qəbələ"yə də evdə 0:1 hesabıyla uduzan cənub klubu səfərdə darmadağın olub – 0:6.
Maraqlıdır ki, "Xəzər Lənkəran" Gəncə təmsilçisini ölkə kubokunda məhz 1:0 hesablı qələbəylə mübarizədən kənarlaşdırıb. "Zirə"nin qarşıdakı turda Lənkərana səfər edəcəyini nəzərə alsaq, "abunəçi" yolunda növbəti addım atmağa yaxşı imkanı var. "İnter"lə başladığımız araşdırmaya elə "İnter"lə də son qoyaq. Onun "abunəçi"si olmağa cari mövsümdə yalnız 1 komanda namizəddir. Bu da hamıdan ən az xal toplayan "Rəvan". "Bankirlər" hesabında cəmi 8 xal olan həmşəhərlilərinə bu çempionatda hər matçda 2:0 hesabıyla qalib gəlib. Nikolovun 4 il öncə futbolumuza gətirdiyi "abunəçi" terminini "İnter" üçün yalnız son pillənin sahibinə şamil edə bilərik. O da hələ qalan 2 oyunda qalib gəlsə...
Mehman SÜLEYMANOV