Ötən ilin bu günü futbolumuzda xüsusi gün idi. Axı Azərbaycan futbolunun ən yaxşı yetirmələrindən, ən istedadlı nümayəndələrindən olan Nazim Süleymanovun 2015-ci ilin fevralın 17-də 50 illik yubileyi idi. Bu əlamətdar gündə "Sulya”nın mobil telefonu susmurdu, zənglər, təbriklər durmadan bir-birini əvəzləyirdi.
AFFA-nın baş katibi Elxan Məmmədov yubilyarı qəbul edərək, ona təbriklərini, xoş arzularını çatdırmaqla yanaşı, üzərində Nazim Süleymanovun adı yazılmış Azərbaycan milli komandasının 50 nömrəli futbolkasını təqdim etmişdi. Axşam isə həmsoyadım yubileyini "Kolizey İnşaat”da qeyd etdi. Bu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az saytının informasiya dəstəyi ilə startı verilən "Çempion" layihəsi idi. Çempionlar Liqasının pley-off mərhələsinin startı münasibəti ilə başlayan müsabiqənin 16 iştirakçısı arasında Süleymanov da vardı.
"FUTPROQNOZ”un 2-cisi olan FİFA hakimi Əliyar Ağayevi gümüş medal və "Kolizey İnşaat”ın mükafatı ilə təltif edən Nazim müəllimin özü də unudulmadı. "Neftçi”də birgə oynadığı, "10 nömrə”ni təhvil verdiyi Maşallah Əhmədov ona təşkilatçıların hədiyyəsi ilə yanaşı, "Şamaxı Palace"də ikigünlük pulsuz istirahət kuponu da təqdim etdi.
Bəli, 1 il keçdi və Süleymanov bu gü artıq 51-i arxada qoyur. Bu müddətdə onun futbol həyatında bir sıra hadisələr baş verdi. Nazim müəllimin yubileyi Vladiqafqazda da qeyd olundu. Ona doğma olan, fəxri vətəndaşı olduğu Şimali Osetiyanın paytaxtında "Alaniya” ilə "Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirildi. Həmin vaxtadək, yəni mayadək isə Süleymanovun işsiz günlərinə son qoyulmuşdu. O, yubileyindən 2 ay sonra Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi təyin olunmuşdu. Həmin aprel ayında isə 50 illik yubileyi ilə əlaqədar çap olunan "Bitməyən matç” kitabının təqdimat mərasimi keçirildi. Nazim müəllim ilk dəfə baş məşqçisi olduğu yığma ilə Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxa bilmədi. İndi o, bu turnirdə növbəti sınağına – oktyabrda Litvada keçiriləcək seçmə mərhələyə hazırlaşır.
Əlbəttə, Süleymanovun futbolçu kimi nailiyyətləri çox olub. Gözəl texnikası ilə seçilən keçmiş hücumçumuz yaşıl meydanda çıxışı zamanı qazandığı uğurlarla gələcək nəslə əsl nümunə oldu. Millimizin ilk qolunun müəllifi (həm yoldaşlıq görüşündə, həm də rəsmi oyunda), ilk dublunun müəllifi, ilk kapitanı olmaq, xaricdə mükafat qazanmaq (1992-ci ildə Moskva "Spartak”ıyla Rusiya çempionatının gümüş medalçısı olmaq), ilk çempion olmaq (1995-ci ildə "Alaniya”yla)...
Hələ mən ardıcıl 2 il (1992, 1993) Rusiya çempionatının "33 ən yaxşı futbolçu”su sırasına düşməyini, "Alaniya”nın yüksək liqada (həm SSRİ, həm də Rusiya çempionatı) ən çox qol vuran (50 qol) futbolçusu kimi rekordçusu olmasını demirəm. Futbolçularımız nəinki xaricdə bu qədər nailiyyətlərə sahib deyil, heç Azərbaycanda kənarda özlərinə karyera qura bilmirlər. Gedib-qayıtmaları bir olur. Özü də yüksək liqaya yox, birinci diviziona. Ancaq Süleymanov Rusiyada 10 illik karyerası ilə ölkəmizi necə layiqincə təmsil etməyin lazım olduğunu göstərdi. Üstəlik, 1990-ci ildə çətin vaxtda "Neftçi”dən böyük ümidlərlə yollandığı "Spartak”da heyətə düşə bilməsə də, ruhdan düşmədi və sonradan özündən söz etdirməyi bacardı. Bax, əsl legioner belə olar və onunla fəxr etməyə dəyər.
Dmitri Kramarenkonun 2003-cü ildə MOİK-in 3-cü qapıçısı kimi çempionluğunu nəzərə almasaq, Süleymanov bizim kimi 1992-ci ildən keçirilən Rusiya çempionatının qalibi olan yeganə futbolçumuz olaraq qalır. Nazim müəllimin futbolçu və məşqçi karyerasını müqayisə etsək, fərqləri görürük. Onun məşqçi kimi yeganə çempionluğu "Bakı”da Qyoko Hacıyevskinin köməkçisi olan vaxtda olub. Tarixində ilk baş məşqçisi kimi düşdüyü "Xəzər Lənkəran”ı 2 müxtəlif vaxtda çalışdırsa da, hər ikisində ona az şans verilib. Futbolçu kimi tanındığı "Neftçi”də baş məşqçi kimi fəaliyyəti qısa müddətli olub. Yalnız AZAL-da çox – 3 ilə yaxın işləyib və komandanı Avropa Liqasına çıxaraq mərhələ keçə bilməyəndən sonra istefa verdi.
Hesab edirəm ki, Süleymanov məşqçi kimi böyük nailiyyətlər qazanmağa qadirdir və uzun müddət şans verilməyə layiqdir. Hər halda, onun kimi futbolda böyük təcrübəni qazanmaq hər adama nəsib olmur. Nazim müəllim, bu gün də fevralın 17-dir. Ancaq ötənilki ajiotaj yoxdur. Hər halda, 50-ci ildönümü yubileylərin "şahı” sayılır. Bu günsə 51 yaşınız tamam olur. Şad gününüz olan tarixi unutmamışam. Axı mən sizin təkcə pərəstişkarınız yox, eyni zamanda həmsoyadınızam. Siz isə bizim fəxrimizsiniz...
Mehman SÜLEYMANOV