1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Zetsdən özünə ən gözəl ad günü hədiyyəsi
Onun doğum tarixində 8-lər çoxdur - 18 fevral 1988-ci il. Bu gün də 28 yaşı tamam olur. Yəni daha bir 8. Düzdür, "Qəbələ”də geyindiyi formanın nömrəsi 8 olmasa (7-dir) da, ona çox yaxındır.
Ermin Zetsdən söhbət açıram. Həmin Zets ki, Premyer Liqa iştirakçıları arasında hazırda da millisinin üzvü olan tək-tük legionerlərdəndir. Şərəfini qoruduğu Bosniya və Herseqovina yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağa çox yaxın olsa da, pley-offda İrlandiyaya məğlubiyyət buna imkan vermədi.
"Qəbələ”də ilk vaxtlarında əksərən əsas heyətdən kənarda qalan Zetsin artıq klubda işləri yaxşılığa doğru gedir. Fevralda dünyaya gəldiyindən, onun üçün xüsusi aydır. Məhz bu ayda da qollarını sıralamağa başladı. "Qəbələ”nin son 2 turda ardıcıl qələbələri ("İnter” və "Sumqayıt” üzərində 1:0) məhz Erminin fərqlənməsi sayəsində mümkün oldu. Bununla da hücumçu həm komandasına vacib qələbələr qazandırdı, həm də qarşıdakı ad gününə yaxşı hədiyyə etdi. Hər halda, futbolçu, xüsusilə də hücumçu üçün özünə ən gözəl hədiyyə qol vurması, komandasına qələbə qazandırmasıdır. "Qəbələ”nin son vaxtlar uğurlu çıxışı Zetsə ölkəmizdə ilk doğum gününü yüskək əhval-ruhiyyədə keçirməyə imkan verir.
Artıq Ermin 6 qolla (ölkə kubokunu da nəzərə alsaq) "Qəbələ”nin cari mövsümdə bombardirlərindən biridir. Digər bombardir, ukraynalı hücumçu Aleksey Antonovun zədə üzündən bir müddətə sıradan çıxması Zetsə əsas heyətdə yerini möhkəmlətməyə, "qırmızı-qaralar”ın cari mövsümdə bombardiri olmağa yaxşı imkan verir. Çempionatın ən sərrast oyunçusu olan "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın hesabında 8 qol olduğunu nəzərə alsaq, Premyer Liqanın bombardiri olmaq uğrunda mübarizə realdır.
Ümumiyyətlə, Zetsin fərqləndiyi oyunlar "Qəbələ” üçün düşərli olub. Təsadüfi deyil ki, "qırmızı-qaralar” həmin oyunların heç birində uduzmayıb. Demək olar ki, həmişə qələbə qeydə alınıb. Yalnız "Qarabağ”la səfər matçında heç-heçə olub ki, onda da "Qəbələ” qələbəni son dəqiqələrdə buraxdığı qolla əldən verib, üstəlik, 1:0 hesabı ilə öndə olarkən, penaltini dəqiq vura bilməyib. Ermin nəinki "Qəbələ”nin, ümumiyyətlə, cari mövsümdə ən böyükhesablı qələbələrin (çempionatda "Xəzər Lənkəran” üzərində 6:0, ölkə kubokunda "Mil-Muğan” üzərində 7:0) qazanıldığı matçlarda da fərqlənib.
Ermin karyerasında qardaş Türkiyə xüsusi yer tutduğundan, Azərbaycan onun üçün yad məkan sayılmır. "Gənclərbirliyi” və "Balıkkespor”da oynayaraq Super Liqada böyük təcrübə qazanıb. 2010-cu ildə 20 yaşında "Gənclərbirliyi” ilə 4 illik müqavilə imzalayarkən, klubun ən bahalı transferlərindən olub. "Balıkkesirspor” 38 illik fasilədən sonra Super Liqaya qayıdarkən onun heyətində olması da diqqətiçəkən məqamdır.
Ən nəhayət, Zets Premyer Liqada çıxış edən iki bosniyalıdan biridir. Digəri "Qarabağ”ın qapıçısı İbrahim Şehiçdir, o da yığma üzvüdür. Ermin millidəki komanda yoldaşına Azərbaycanda qol vurmağı bacarıb.
Elşən MƏMMƏDOV