1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Riçard Almeydadan incimirəm” - MÜSAHİBƏ
"Neftçi”nin müdafiəçisi Kamal Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Qarabağ”a səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndələri qarşısına çıxan gənc müdafiəçi öncə paltardəyişə otağına qayıtmalarına aydınlıq gətirib...
- Sən də komandanın avtobusunda idin. Paltardəyişmə otağına qayıtmağınıza səbəb nə oldu?
- Bəli. Sadəcə, su yox idi, formamı dəyişdim, avtobusumuza yollandım. Sonradan deyildi ki, rəhbərlik gəlib, qayıtdım paltardəyişmə otağına.
- Nə iclas idi ki, sizi qaytardılar? Heç belə olmamışdı...
- Klub prezidenti (Çingiz Abdullayevi nəzərdə tutur), rəhbərlik, Müşahidə Şurasının üzvləri gəldilər. Oyuna görə minnətdarlıq etdilər. Dedilər ki, ruhdan düşməyin, başınızı aşağı salmayın. Bu oyunu unudun, növbəti matçlara hazırlaşın.
- Oyun haqda nə deyə bilərsən?
- "Qarabağ” bu gün daha güclü idi. Bizdə oyun alınmadı. Hər bir futbolçumuz fərdi oyuna üstünlük verirdi. "Qarabağ”da isə kollektiv oyun daha yaxşı alındı.
- İnandırıcı deyil ki, baş məşqçiniz Əsgər Abdullayev fərdi oyuna üstünlük vermək haqda tapşırıq verib...
- Əlbəttə, biz komanda şəklində oynamalıyıq.
- Belə çıxır ki, baş məşqçinin dediklərini tam yerinə yetirmədiniz?
- Bəli. Əsgər müəllim matçdan sonra bizə dedi ki, belə oynamaq olmaz. Hərə yorğanı öz üzərinə çəkir. Əgər belə davam etsək, yaxşı nəticələr nail ola bilməyəcəyik.
- Riçard Almeyda ilə nə problemin vardı? Onunla təkbətək mübarizələrdə əsəblərini cilovlaya bilmirdin...
- Bu, bir dəfə oldu. Razıyam, kobud oynadım. Ancaq bu, emosiyadır. Bilərəkdən deyildi. Sadəcə, uduzmaq istəmirdik. Emosyalarımı cilovlaya bilmədim, belə alındı. Mən Almeydadan incimədim. Bizim normal münasibətlərimiz var. Futbolda belə şeylər olur.
- Müdafiənin sağ cinahında yerini möhkəmlətmisən. Düşünürmürsən ki, Məqsəd İsayev, çıxış etdiyi U-21 yığması və statusunun bir qədər səndən yüksək olması səbəbindən, sağalan kimi sən dərhal ehtiyata oturdulacaqsan?
- Hər şey məndən və Məqsədddən asılı olacaq. Kim daha yaxşı hazır olacaqsa, o da oynayacaq. Əsgər müəllim kim yığma üzvü olduğuna görə yox, kim daha yaxşı formada olacaqsa, onu heyətə qoyacaq. Mən yalnız onun tərəfindənyəm ki, Məqsəd tezliklə sağalsın. Çünki rəqabət hər birimizin xeyrinədir.
- Qarşıdakı turda "Zirə” ilə oynacaqsınız. Rəqib Premyer Liqanın debütantı olsa da, ona qalib gələ bilməmisiniz. Səfərdə 0:2 uduzub, evdə 1:1 oynamısınız...
- Yalnız qələbəyə oynayacağıq. Başqa çıxış yolumuz yoxdur. Bilirik ki, "Zirə” yaxşı komandadır. Çətin oyun olacaq.
- Demək olarmı ki, "Neftçi” bu oyundan sonra çempionluq ümidlərini tamamilə itirdi?
- Bunu demək çətindir. Hər şey özümüzdən asılıdır. Hər oyuna son döyüş kimi çıxmaq lazımdır. Bu, "Neftçi”dir, belə oynamalıdır. Qarşıda hələ oyunlarımız var. İnşallah, hər şey yaxşı olacaq.
- Səncə, bu gün hər iki komandada meydanda ən yaxşılar kimlər idi?
- Dani Kintana ilə Riçard Almeyda. Bəlkə də mənim cinahımda oynayırdılar, ona görə oyunları diqqətimi çəkdi. Ümumiyyətlə, "Qarabağ”da bu gün hamı yaxşı oynadı.
Mehman SÜLEYMANOV