"Bavariya" Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində rəqibi olan "Yuventus"un tarixinə düşən klubdur. Sportnet.az-ın məlumatına görə, "Qoca Sinyori" yeni arenası "Yuventus Stadium"da avrokuboklarda yeganə məğlubiyyətini məhz münhenlilərdən alıb.
Bu, 2013-cü ilin aprelin 10-da ÇL-nin 1/4 final mərhələsində 0:2 hesablı yenilgi olub. Özü də qollardan birinin müəllifi cari mövsümdən "Yuve”nin şərəfini qoruyan xorvat hücumçu Mario Mancukiç olub. Nəticədə "Bavariya” həmin stadionda qələbəni bayram edən ilk və hələ ki yeganə xarici komandadır. "Yuventus” bundan sonra avrokuboklarda öz stadionunda keçirdiyi 16 oyunda uduzmayıb – 10 qələbə, 6 heç-heçə.
2012/13 mövsümündə "Alyans Arena”da da 2:0 hesabı ilə qalib gələn "Bavariya” "Yuventus”u çətinliklə çəkmədən mübarizədən kənarlaşdırıb. Ümumiyyətlə, həmin turnirdə sonadək irəliləyən almanlar ÇL-nin qalibi olub. "Yuve” isə son finalın iştirakçısı olsa da, "Barsa”ya uduzaraq (1:3) titulun bir addımlığında büdrəyib.
"Bavariya” "Yuventus”a qarşı oyunların balansında da üstünlüyə malikdir. Belə ki, 8 matçın yarısı almanların qələbəsiylə nəticələnib. Digər 4 görüşdən 3-də italyanlar qələbə qazanıb, 1 matçda isə qalib müəyyənləşməyib. Komandalar arasında son 3 oyun "Bavariya”nın qələbəsiylə (4:1, 2:0 və 2:0) başa çatıb. "Qoca Sinyori” münhenliləri sonuncu dəfə 11 il öncə məğlub edib. Bu, 2005-ci ilin noyabrında ÇL-nin qrup matçında olub. İtalyanlara qələbəni fransanlı hücumçusu David Trezeqenin etdiyi dubl gətirib – 2:1. "Yuve” avrokuboklarda 2004/05 mövsümündən bu yana keçirdiyi 45 ev oyununun yalnız 2-də uduzub və hər ikisi də "Bavariya” ilə matçlarda olub.
Maraqlıdır ki, "Bavariya” avrokuboklarda ən böyükhesablı qələbəsini məhz İtaliayada qazanıb. Bu, ötən mövsüm "Roma”nı Olimpiya Stadionunda 7:1 hesabı ilə məğlub etdiyi matçdır. Münhenlilərin həmin ölkəyə ən son səfəri onda baş verib. "Yuventus” isə cari turnirin qrup mərhələsində almanlara rəqib olub. Münhenqladbax "Borussiya”sı ilə hər 2 oyun heç-heçə nəticələnib – evdə 0:0, səfərdə 1:1. Turin klubu Almaniya təmsilçiləri ilə öz meydanında keçirdiyi matçlarda aşkar üstünlüyə malikdir – 14 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət. "Bavariya” isə itayanlarla səfər matçlarında mənfi balansa malikdir – 7 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət. Yalnız pley-offda İtaliyadakı oyunları götürsək, onda da münhenlilər daha çox uduzub – 4 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət.
"Bavariya”nın ispan baş məşqçisi Xosep Qvardiolaya İtaliya futbolu yaxşı tanışdır. Belə ki, o, futbolçu karyerası dövründə bu ölkənin "Breşiya” və "Roma” klublarında oynayıb. Qvardiola "Yuve”yə qarşı "Breşiya”nın heyətində 2 dəfə çıxış edib. Turindəki hər iki matç (2001/02 – 0:5, 2002/03 – 1:2) onun üçün məğlubiyyətlə nəticələnib. Xosep "Barselona”da oynadığı zamanı isə italyanlarla 2 dəfə hazırkı turnirin finalında görüşüb. 1992-ci ildə "Sampdoriya” üzərində 1:0 hesablı qələbəylə Çempionlar Kubokunun qalibi olubsa, bundan 2 il sonra "Milan”la oyunda darmadağın yaşayıb – 0:4.
Yuxarıda qeyd etdiyimiz kimi, Mancukiç bir vaxtlar (2012-14-cü illərdə, 74 oyun, 39 qol) "Bavariya”da oynayıb və 2013-cü ildə Dortmund "Borussiya”sına 2:1 hesabı ilə qalib gəldikləri ÇL-nin finalında da fərqlənib. Mario münhenlilərlə hər 2 mövsümündə Bundesliqa çempionu olub. Təcrübəli hücumçu hələ "Volfsburq”da çıxış edərkən "Bavariya” ilə görüşmək imkanı qazansa da, ona qol vura bilməyib.
Artur Vidalla Kinqsli Koman isə ötən yay məhz "Yuventus”dan "Bavariya”ya keçiblər. Vidal liderlərindən olduğu "Qoca Sinyori”nin heyətində çıxış etdiyi 4 mövsümün hamısında (2011-15-ci illər) A seriyasının qalibi olub. Koman isə əsas heyətinə düşməkdə çətinlik çəkdiyi "Yuve”də cəmi 1 mövsüm keçirərək çempion olub.
Qeyd edək ki, "Yuventus”un A seriyasında 15 oyunluq qələbə seriyası son turda "Bolonya” ilə səfər matçında qırılıb – 0:0. Bu, eyni zamanda Massimiliano Alleqrinin yetirmələri bütün turnirlərdə ardıcıl 13 matçlıq qələbə seriyasının qırılması demək idi.
Mehman SÜLEYMANOV