İngiltərənin "Mançester Siti” və Ukraynanın "Dinamo” (Kiyev) klubları Çempionlar Liqasında (ÇL) ilk dəfə görüşəcəklər. Sportnet.az-ın məlumatına görə, bu gün tunirin 1/8 final mərhələsində üz-üzə gələcək komandalar indiyədək yalnız bir dəfə - 2010/2011 mövsümündə Avropa Liqasında rəqiblər olub.
Maraqlıdır ki, Mançester və Kiyev təmsilçisinin onda da yolları 1/8 finalda kəsişib. "Dinamo” evdə Andrey Şevçenko və Oleq Qusevin vurduğu qollarla qalib gəlib - 2:0. İngiltərədəki matçda "Mançester Siti” Aleksandr Kolarovun fərqlənməsi sayəsində 1:0 hesablı qələbə qazansa da, bu, cütün qalibi olmağa yetməyib.
Kiyevlilər ÇL-in "pley-off" mərhələsində 1999/2000 mövsümündən bu yana ilk dəfə çıxış edəcək. "Dinamo”nun baş məşqçisi Sergey Rebrov həmin vaxtkı heyətdə oynayıb. Onun hazırda rəhbərlik etdiyi komanda avrokuboklarda artıq 9 oyundur evdə uduzmur. Bu uğurlu seriya 2014-cü ilin fevralından başlayıb. Üstəlik, "Dinamo” ingilislərlə avrokuboklardakı ev oyunlarda müsbət balansa malikdir – 12 oyun, 4 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət.
"Dinamo” cari turnirin qrup mərhələsində İngiltərə təmsilçisi ilə görüşmüşdü. Bu, "Çelsi” idi ki, Kiyevdə qolsuz bərabərlik, Londonda isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi qeydə alındı. "Dinamo”nun avrokuboklarda bu ölkənin klubları üzərində sonuncu qələbəsi Avropa Liqasının ötən mövsümündə "Everton” üzərində olub. İlk oyunda səfərdə 1:2 hesabı ilə uduzan kiyevlilər bunun əvəzini cavab matçında çıxa biliblər – 5:2. Kiyevdə sonuncu qələbəni qazanan İngiltərə klubu isə digər Mançester təmsilçisi olub. ÇL-in 2007/2008 mövsümünə təsadüf etmiş həmin qrup matçında "Mançester Yunayted” 4:2 hesabı ilə qalib gəlib. "Dinamo”nun hazırkı heyətindən qapıçı Aleksandr Şovkovski ilə müdafiəçi Oleq Qusev həmin oyunda iştirak edib.
"Mançester Siti”nin isə Ukrayna təmsilçilərindən yalnız Kiyev "Dinamo”su ilə yolları kəsişib. Maraqlıdır ki, Rebrov İngiltərədə "Tottenhem"də oynadığı vaxt hazırkı rəqibinə qol vurub. O, Mançesterdə keçirilmiş matçın 89-cu dəqiqəsində qələbə topuna imza atıb. Həmin 2000/2001 mövsümündə Londonda keçirilmiş qarşılaşmada isə hesab açılmayıb. Rebrov "Dinamo”nun heyətində avrokuboklarda ingilislərə qarşı keçirdiyi 5 oyunda 3 qol vurub. Onun çilili həmkarı Manuel Pelleqrini isə "Vilyarreal”ın baş məşqçisi olduğu vaxt Kiyev "Dinamo” ilə görüşüb və yekunda qalib olub. 2004/05 mövsümündə UEFA Kubokunun 1/16 final mərhələsində ukraynalıları evdə 2:0 hesabı ilə yenən İspaniya təmsilçisi səfərdə uduzmayıb – 0:0.
Mehman SÜLEYMANOV