Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşir. Sportnet.az-ın məlumatına görə, 1/16 final matçlarının keçirildiyi gecədə daha 15 cütün taleyinə aydınlıq gəlir.
Türkiyənin "Qalatasaray" klubu səfərdə İtaliya "Latsio"su ilə qarşılaşıb. İstanbulda keçirilmiş ilk qaşrılaşmada 1:1 hesabı qeydə alındığından, "sarı-qırmızılar" mərhələ keçmək üçün ya qələbə qazanmalı, ya da ən azı 2:2 hesablı bərabərlik əldə etməli idilər. Lakin meydan sahibləri daha inamlı təsir bağışlayaraq, 3:1 hesabı ilə qalib gəlib. Nəticədə "sarı-qırmızılar" mübarizəni dayandırıblar. "Qalatasaray"ın heyətində Sinan Gümüş, "Latsio"da Dubas Basta, Stefan de Vriy zədə, Keyta Balde Diao isə qırmızı vərəqə cəzalısı olduğundan meydana çıxa bilməyib. UEFA bu görüşə Rusiyadan olan hakimlər briqadasına təyinat verib. Qarşılaşmanı FİFA referisi Vladislav Bezborodov idarə edib.
Digər Türkiyə təmsilçisi "Fənərbağça" isə Rusiya "Lokomotiv"inin qonağı olub. İstanbul təmsilçisi doğma meydanda keçirilmiş ilk görüşdə 2:0 hesablı qələbə qazandığından, səfərə "Qalatasaray"la müqayisədə daha rahat yollanıb. Hesabı meydan sahiblərinin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov açıb. Lakin oyunun sonlarında Mehmet Topal bərabərlik qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib - 1:1. Bununla da "Fənərbağça" 1/8 finala yüksəlib.
Türkiyə və Rusiya arasında siyasi gərginlik olduğundan oyunların birinin Moskvada keçirilməsi, digərin də isə rusiyalı baş hakimin təyinat alması hər iki qarşılaşmanı maraqlı edən amillərdən olub. Lakin qarşılaşmaların heç birində insident qeydə alınmayıb.
Qeyd edək ki, 1/8 finala ilk vəsiqəyə Portuqaliya "Braqa"sı sahib çıxıb. "Braqa" İsveçrə Syon"unu iki oyunun nəticəsində üstələyib - 2:2, 2:1. Növbəti vəsiqələr isə "Fənərbağça" (Türkiyə), "Latsio" (İtaliya), "Sparta" (Çexiya), "Şaxtyor" (Ukrayna), "Liverpul" (İngiltərə), "Bayer" (Almaniya), "Valensiya" (İspaniya), "Atletik" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Sevilya" (İspaniya), "Bazel" (İsveçrə) komandalarına qismət olub. Son vəsiqə isə "Olimpiakos" (Yunanıstan) - "Anderlext" (Belçika) cütünün qalibinə qismət olub. Əlavə vaxtda qonaq komandanın futbolçusu Frank Açimponq "dubl" edərək, adını növbəti mərhələyə yazdırıb. Beləliklə, "Qarabağ"ın qrup mərhələsindəki hər iki ("Tottenhem" və "Anderlext"), "Qəbələ"nin isə yalnız bir rəqibi ("Borussiya) 1/8 finaala yüksəlib.
Avropa Liqası, 1/16 final, cavab görüşləri
20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Fənərbağça" (Türkiyə) - 1:1
Qollar: Aleksandr Səmədov, 45 - Mehmet Topal, 83
İlk oyun: 0:2
22:00. "Latsio" (İtaliya) - "Qalatasaray" (Türkiyə) - 3:1
Qollar: Marko Parolo, 59. Felipe Anderson, 61. Miroslav Kloze, 72 - Yasin Öztekin, 62
İlk oyun: 1:1
22:00. "Krasnodar" (Rusiya) - "Sparta" (Çexiya) - 0:3
Qollar: Lukaş Mareçek, 51. Martin Fridek, 57. Kehinde Fatai, 70
İlk oyun: 0:1
22:00. "Şalke" (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 0:3
Qollar: Marlos, 27. Fakundo Ferreyra, 63. Viktor Kovalenko, 77
İlk oyun: 0:0
22:00. "Liverpul" (İngiltərə) - "Auqsburq" (Almaniya) - 1:0
Qol: Ceyms Milner, 5-penalti ilə
İlk oyun: 0:0
22:00. "Bayer" (Almaniya) - "Sportinq" (Portuqaliya) - 3:1
Qollar: Karim Bellarabi, 30; 65. Hakan Çalhanoğlu, 87 - Joao Mario, 38
İlk oyun: 1:0
22:00. "Rapid" (Avstriya) - "Valensiya" (İspaniya) - 0:4
Qollar: Rodriqo, 59. Sofian Fequri, 64. Pablo Piatti, 72. Ruben Vezo, 88
İlk oyun: 0:6
22:00. "Atletik" (İspaniya) - "Marsel" (Fransa) - 1:1
Qollar: Sabin Merino, 81 - Miçi Batşuayi, 40
İlk oyun: 1:0
00:05. "Portu" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:1
Qol: İker Kasilyas, 23-öz qapısına
İlk oyun: 0:2
00:05. "Bazel" (İsveçrə) - "Sent-Etyen" (Fransa) - 2:1
Qol: Luka Zulfi, 15; 90+2 - Mustafa Sall, 90
İlk oyun: 2:3
00:05. "Olimpiakos" (Yunanıstan) - "Anderlext" (Belçika) - 1:2 (əlavə vaxt - 0:2)
Qol: Kostas Fortunis, 29-penalti ilə - Frank Açimponq, 102; 111
İlk oyun: 0:1
00:05. "Molde" (Norveç) - "Sevilya" (İspaniya) - 1:0
Qol: Eyrik Hestad, 43
İlk oyun: 0:3
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Mityulland" (Danimarka) - 5:1
Qollar: Nikolay Bodurov, 32-öz qapısına. Markus Reşford, 64; 75. Andre Errera, 88-penalti ilə. Memfis Depay, 90 - Pione Sisto, 28
İlk oyun: 1:2
00:05. "Napoli" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qol: Marek Hamşik, 17 - Tomas Pina, 59
İlk oyun: 0:1
00:05. "Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya) - 3:0
Qollar: Rayan Meyson, 25. Erik Lamela, 63. Qonsalo Rodriges, 81-öz qapısına
İlk oyun: 1:1