"Qəbələ" klubu Ukrayna millisinin sabiq futbolçu Boqdan Şerşuna təklif göndərib. Sportnet.az-ın məlumatına görə, bu, 2014-cü ilin yayında baş verib.
Həmin vaxt Şerşun karyerasının qürub dövründə olub. 35 yaşlı keçmiş müdafiəçi "football.ua"ya müsahibəsində təklifin Dorinel Muntyanunun "Qəbələ"yə yenicə baş məşqçi təyin olunduğu vaxta təsadüf etdiyini bildirib. Təcrübəli futbolçu eyni vaxtda Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna keçmə variantının da olduğu üçün seçim etməyə imkan tapmayıb.
Nəticədə təcrübəli futbolçuda heç bir variant alınmayıb: "Gürcüstan klubu maraqlı müqavilə təklif edirdi: "Dinamo" Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinə düşsəydi, komandada qalacaq, əks halda, yollarımızı ayırmalı olacaqdıq. İndiyədək belə şey görmədiyimdən, müqaviləyə imza atmaq istəmirdim. "Dinamo"ya əvvəllər Çexiya yığmasına rəhbərlik etmiş Mixal Bilek baş məşqçi təyin olundu. Komanda elə ilk oyundaca Qazaxıstan "Aktobe"sinə uduzdu. Nəticədə hamısını qovdular. "Qəbələ" variantı da var idi. Həmin vaxt komandanı Muntyanu götürmüşdü. Amma Tbilisidə işlərimi həll etdiyim vaxt "Qəbələ" özünə başqa müdafiəçi axtarırdı. Nəticədə həm ondan, həm də bundan oldum".
Qeyd edək ki, Boqdan Şerşun karyerası ərzində Rusiyanın MOİK, eləcə də Ukraynanın "Dnepr", "Arsenal", "Krivbass" və "Volın" komandalarında çıxış edib. O, 2003 - 2006-cı illərdə Ukrayna millisinin formasını geyinib. MOİK-in heyətində ikiqat Rusiya çempionu və ölkə kubokunun, eləcə də 2005-ci ildə UEFA Kubokunun sahibi olub. Hazırda "Qəbələ"də "Şaxtyor"da ikən sonuncu UEFA Kubokunu qazanmış Aleksey Qay çıxış edir.