"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun "İnter"lə Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərə müsahibəsi zamanı maraqlı dialoq baş verib. Sportnet.az-ın məlumatına görə, həmin vaxt Sadıqovun yanında olan "bankirlər"in qapıçısı Kamran Ağayev söhbətə müdaxilə edib.
O, "Kamrana qol vurmaq çox çətindir” replikasını atıb. Sadıqovun cavabı isə statistiklər üçün yeni fakt üzə çıxarıb: "İndiyədək 5 qol vurmuşamsa, onun 3-ü Kamranın qoruduğu qapıdan keçib".
Qeyd edək ki, daha öncə Rəşad Sadıqov başla ilk qolu "İnter"in qapısına vurduğunu bildirib. O, cari mövsümdə 2 tur öncə "Kəpəz"i də məyus edə bilib. Azarkeşlər 2004-cü ildə Azərbaycan - Uels matçı zamanı Sadıqovun uzaq məsafədən qolunu da yaxşı xatırlayırlar. Digər tərəfdən, Kamran Ağayev "İnter"in heyətində ilk qolu məhz yığmadakı komanda yoldaşından buraxıb.
Fotolar: pfl.az