"Neftçi” 2015/2016 mövsümündə ilk böyükhesablı məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, bu, son turda "Zirə” ilə səfər matçında (0:3) gerçəkləşib.
İkinci dövrənin gedişində "ağ-qaralar”ın baş məşqçi postuna keçən Əsgər Abdullayev Zirədə ilk oyununda uğursuz nəticə ilə üzləşib. Bu, "Zirə”nin Premyer Liqada ilk böyükhesablı qələbəsinə təsadüf edib. Adil Şükürovun komandası bunadək ən yaxşı halda 2 top fərqi ilə qalib olmuşdu.
"Ağ-qaralar” sonuncu böyükhesablı məğlubiyyəti də həmşəhərliləri ilə səfər matçında alıb. Bu, keçən çempionatın sonuna yaxın – mayın 8-də "İnter” ilə onun meydanında 0:4 hesablı məğlubiyyət olub. Həmin vaxt komandanın baş məqşçisi Arif Əsədov idi.
Abdullayevin baş məşqçi karyerasında sonuncu böyükhesablı məğlubiyyət isə 2014/2015 mövsümündə "Qarabağ"la səfər oyununda olub. Təcrübəli mütəxəssis həmin vaxt "Araz Naxçıvan”ın sükanı arxasında idi. 2014-cü il noyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç naxçıvanlıların 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Həmin məğlubiyyətdən sonra "Araz Naxçıvan" hakim ədalətsizliklərini səbəb göstərərək, Premyer Liqadan çəkilib. Elə "Neftçi"nin də "Zirə"yə uduzduğu görüşdə Cavid İmamverdiyevə ikinci "sarı"nın ardından göstərilən qırmızı vərəqə narazılıqla qarşılanıb.
Göründüyü kimi, "Neftçi” ilə Əsgər Abdullayevin son böyükhesablı məğlubiyyətləri eyni hesabla - 0:4 olub. "Ağ-qaralar” 295, təcrübəli mütəxəssis 482 gündən sonra böyük hesabla uduzub.