
17 yaşlılardan ibarət yığma komandamızın baş məqşçisi Təbriz Həsənov Ukraynaya 0:2 hesabı ilə uduzduğumuz yoxlama matçından sonra müsahibə verib. 49 yaşlı mütəxəssis Sportnet.az-ın da suallarını cavablandırıb.
- Oyunu necə dəyərləndirərdiniz?
- Təbii ki, heç kim uduzmaq istəmirdi. Məğlubiyyət acıdır. Ancaq neyləmək olar? Oyunu iki hissəyə bölsək, komandamız ilk hissədə daha yaxşı təsir bağışlayırdı. Tam da olmasa, üstünlüyümüz var idi. Qol epizodlarından istifadə edə bilmədik. Ancaq yorğunluğumuz ikinci hissədə hiss olundu. Futbolçularımızda rəqibə nisbətən cəldlik, tezlik itmişdi. Bu üzdən ukraynalılar bizi üstələdi. Sonda nəticə belə oldu.
- Bu yorğunluq komandanın hazılrıq prosesində aldığı yükdən irəli gəlir?
- Təbii ki. Axı biz Rusiya ilə iki matç da oynamışdıq. Onu da bildirim ki, istər Rusiya, istərsə də Ukrayna bura optimal heyətlə gəlib. Onlar hər bir oyuna yoldaşlıq görüşü kimi yox, rəsmi matç kimi çıxırlar. Bu da başadüşüləndir. Çünki 10 gündən sonra eli-raundda oynayacaqlar. Bu yoxlama matçlarının bizə də faydası var. Avropa çempionatının final mərhələsinə hazırlaşırıq və rəqiblərin hansı səviyyədə olduqlarını hiss edirik. Bizim də problemlərimiz var. Əsas da futbolçu qıtlığıdır. Hücumda çox futbolçunu yoxlayıram. Daha bir problem qol vuranımızın olmamağıdır. Bunu yoluna qoymağın yollarını axtarırıq. Ya bir hücumçu tapaq, ya da hansısa dəyişiklik edək ki, öndə çıxış edən futbolçularımız rəqibə təhlükə yarada bilsinlər.
- Hücumda türkiyəli futbolçu Anil Jilazı sınadınız. Ondan razı qaldınızmı?
- O, əvvəl bizdə oynayıb. Almaniyada, Frankfurt klubunda çıxış edir. Bir ara zədə üzündən oynamırdı. Ona görə çoxdan görmürdüm, baxmaq istəyirdim. Təbii ki, razı qalmadım. Biz daha sürətli, daha güclü futbolçular istəyirik. Bu gün yoxladığım futbolçuları bəyənmədim.
- Gələcəkdə Anilə şans vermək fikriniz var, yoxsa?
- Qarşıda bir oyunumuz var. Onda Jilazı son dəfə sınayacağıq. Özünü yaxşı tərəfdən göstərsə, bir daha çağıracağıq. Bir problem də ondadır ki, beynəlxalq matçlarda çoxlu əvəzetmə olmur. Bizim əlimizdə 18 eyni səviyyəli futbolçu yoxdur. Sonradan meydana çıxıb oyunun tempini tutmaq çox çətindir. Bunu hər futbolçu edə bilmir. Özünüz də gördünüz ki, əvəzetmələrdən sonra oyun nizam-intizamı tam pozuldu. Mətin Gülər, Cavidan Qasımlı artıq yorğun idi. Başqa yorğun futbolçularımız vardı. İmkanım olsaydı, 11 futbolçunun hamısını dəyişərdim. Təbii ki, əlimizdə o qədər futbolçu yoxdur.
- Rusiyaya qalib gəldiyimiz oyunda olduğu kimi yarımüdafiədə müxtəliflik çatmırdı...
- Bəli. Yorğunluq olduğu üçün hərəkət edə bilmədilər. Təbii ki, rəqibin də gücünü qiymətləndirmək lazımdır. Ukrayna yığması meydanda bizdən çox qaçdı və futbolçularımızı yordu. Rəqib sənə qədər imkan verirsə, o qədər də oynayırsan. İkinci hissədə daha çox pressinqə üstünlük verdilər, futbolçularımızda çoxlu top itkiləri baş verdi.
- İlk hissədə cinah müdafiəçilərimizin hücuma çox qoşulması xüsusi tapşırıq idi?
- Ümumiyyətlə, biz bu tapşırığı ilk gündən vermişik. Bunun üzərində çalışırıq ki, müdafiəçilərimiz çox hücuma qoşulsunlar. Hazırda müasir futbolda bu amil vacibdir. İstəyirik ki, bu, hər zaman olsun. Ancaq bunun üçün futbolçuda güc lazımdır. İkinci hissədə yorğunluğa görə bunu edə bilmədik.
- Əsas qapıçı Murad Popovu ikinci oyundur əvəzləyən qapıçı Kamran İbrahimovdan razı qalmısınız?
- Kamran pis təsir bağışlamır və biz ona yenə şans verəcəyik. Murad isə heyətimizdə qalıb.
- Qarşıdakı planlarınız necədir?
- Martın 3-də Ukrayna ilə oyundan sonra buraxılsaq da, bu ay yenə yığışmaq planımızda var. Ancaq martda elit-raund oyunları olduğundan rəqib tapmaq çətindir. Buna görə öz komandalarımızla oynamaq fikrindəyik. Apreldəki təlim-məşq toplanışında isə Bakıya yenə əcnəbi yığma dəvət etmək istəyirik.
Mehman Süleymanov