"Qarabağ” klubu Bakıda "Qalatasaray”la yoldaşlıq görüşünün keçirilə biləcəyini təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, klubun direktoru Əmrah Çelikel Qol.az-a açıqlamasında bu barədə bildirib.
O, "Türk Hava Yolları"nın (THY) matçın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini deyib: "Türk Hava Yolları" "Qalatasaray"ın baş sponsorlarından biridir. Oyun THY-nin Azərbaycanda fəaliyyətinin 25 illiyi ilə əlaqədar keçirilməlidir. Təşkilati işlərlər də məhz bu şirkət məşğul olur. Biz matçın martın 29-da, əgər bu tarixdə alınmazsa, martın 28-də keçirilməsinə razılıq vermişik. "Qalatasaray” isə oyunun martın 26-da oynanılmasını istəyir. Amma həmin gün milli komandamızın Qazaxıstanla oyunu var. "Qarabağ"ın da əksər futbolçuları isə həmin vaxt millinin düşərgəsində olacaq. Millinin toplanışı martın 27-də başa çatır. Hələlik oyunun yüz faiz keçiriləcəyi ilə bağlı nəsə demək olmur".
Klub rəsmisi bildirib ki, oyunun baş tutub-tutmayacağı matçın təşkilatçısı qismində çıxış edən "Türk Hava Yolları”ndan asılıdır: "Hazırda danışıqlar davam edir. İstənilən halda, "Qarabağ” klubu olaraq biz "Qalatasaray”la oyuna hazırıq və matçın Bakıda keçirilməsinə də razılıq vermişik. Amma dediyim kimi, hər şey bizdən asılı deyil".