"Kəpəz” Premyer Liqada uğursuz seriyasına son qoyub. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin yetirmələri 3 oyundan sonra qalib gəlib. Bu, "Rəvan”ı 3:1 hesabı ilə məğlub etdikləri səfər matçında olub. Nəticədə gəncəlilər autsayderi "Bayıl Arena”da ilk dövrədə (2:0) olduğu kimi 2 top fərqli qələbəylə yenib.
Gəncə təmsilçisi sonuncu qələbəsini 20-ci turda fevralın 7-də evdə AZAL üzərində qazanmışdı – 2:0. Komanda növbəti 3 xal üçün 28 gün gözləməli oldu. Şahin Diniyevin yetirmələri eyni zamanda qış fasiləsindən sonra səfərdə ilk qələbəsini qazanıb. Bu ilin ilk 2 qələbəsi Gəncədə olub. "Kəpəz”in rəqib meydanında son qalibiyyəti də autsayder üzərində olmuşdu. Bu, 17-ci turda "Xəzər Lənkəran” üzərində 1:0 hesablı qələbədir. Həmin matçın ötən ilin dekabrın 17-də keçirildiyini nəzərə alsaq, növbəti səfər qələbəsi 80 gün sonra gəldi.
"Rəvan”ın qapısına ilk yol tapan futbolçu Kərim Diniyev həm baş məşqçisi olan atası Şahin Diniyevi sevindirib, həm də "Kəpəz”də qol hesabını açıb. Qış fasiləsində "Qarabağ”dan icarəyə götürülən milllimizin hücumçusu Namiq Ələsgərov artıq 3-cü qolunu vurub. "Kəpəz”in braziliyalı yarımmüdafiəçisi Junior Osvaldo isə cari mövsümdə hesabına 5-ci qolu yazıb və komandasının bombardiridir.
Mehman Süleymanov