"Zirə”nin salvadorlu futbolçusu Nelson Bonilya Salvador milli komandasından dəvət alıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Honduras yığması ilə martın 25-də evdə, bundan 4 gün sonra səfərdə keçiriləcək matçlara çağırılıb.
Salvador yığmasının baş məşqçisi Roman Maradiaqa Bonilyanı "Zirə”nin futbolçusu kimi əvvəlki rəsmi oyunlara da çağırıb, amma ona şans verməyib. Təcrübəli forvardın qarşıdakı 2 oyuna çağırılması Premyer Liqanın 27-ci turunda "Kəpəz”lə martın 30-da keçiriləcək səfər matçında "Zirə"yə kömək edə bilməyəcəyi deməkdir. Hondurasla martın 25-də baş tutacaq görüş zamanı isə Azərbaycan Premyer Liqasında da milliyə görə fasilə olacaq.
Maraqlıdır ki, Bonilya "Kəpəz”lə son matçda (2:2) fərqlənə bilib. O, 9 dəqiqəyə 2 qol vurub və bununla da Azərbaycan Premyer Liqasında ilk dubluna imza atıb.
Qeyd edək ki, Nelson Bonilya ölkəmizdə çıxış edən ilk və hələ ki yeganə salvadorlu futbolçudur. O, vurduğu 8 qolla Premyer Liqada "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda ilə birgə şərikli liderdir.