"Komandadan razı qaldım. Əzmkarlıq göstərdilər. Sadəcə vurulan topdan əvvəl qayda pozuntusu vardı. Bundan sonra penalti yarandı və bu da şübhəlidir. İlk dəqiqələrdən hər epizoda penalti tələb edirdilər". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab görüşündə səfərdə "Neftçi"yə məğlub olan komandanın baş məşqçisi bunları bildirib: "Komandada görüləsi işlər çoxdur. Səhvlərimiz üzərində işləməliyik. Bu dəqiqə paltardəyişmə otağında hamısı ağlayır. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Söz verirəm ki, gələcək oyunlarda bu olacaq. "Xəzər Lənkəran" "Neftçi"yə fərdi ustalıqda uduzdu. "Neftçi"nin hücum xətti Azərbaycanda ən sürətli hücumdur. Oyundan sonra baş hakimin gözlərinə baxa-baxa təşəkkür etdim. Oyunda hakim səhvi gördüm, ancaq bu məsələyə aidiyyatı qurumlar baxır və onlar qərar verəcək".