"Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva yaşıl meydana qayıdır. Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov legionerin artıq qrup çalışmalarda iştirak etdiyini bildirib.
O, Azərbaycan Premyer Liqasının növbəti turunda "Qəbələ” ilə səfər matçında Reynaldonun adının protokola daxil ediləcəyini istisna etməyib. Qurbanov digər zədəlilər haqda da məlumat verib: "Mən zədə ilə bağlı məsələyə həssasam. İstəyirəm ki, futbolçu tam hazır olandan sonra onu meydana buraxım. Bunun üçün gözləməyi üstün tuturam. Riçard Almeyda oyunda topuğundan xəsarət almışdı. Onu qorumağı daha məqsəduyğun saydıq və buna görə ikinci hissədə əvəzlədim. Rahid Əmirqiliyev zədəsinə görə qayğılıdır. Biz ona mənəvi dəstək oluruq. Rahid əməliyat olunduğundan, bu mövsüm onun üçün artıq bitib. Ancaq avrokuboklaradək tam hazır olacaq”.