"Qəbələ”nin futbolçusu Aleksey Qay "Zirə”nin qənimə çevrilib. Sportnet.az-ın məlumatına görə, ukraynalı yarımmüdafiəçisi Premyer Liqanın debütantı ilə 11 gündə keçirilən hər 3 matçda fərqlənə bilib.
Qay "Zirə” ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsində 3 qol vurub. O, kubokda ilk "dubl"unu məhz zirəlilərlə matçda reallaşdırıb. 34 yaşlı orta sahə oyunçusu rəqibinin qapısına Qəbələdəki çempionat matçında da yol tapa bilib. Özü də o, qolu keçmiş komanda yoldaşı, cari mövsümdən "Zirə”nin qapısına qoruyan Anar Nəzirova vurub.
Beləliklə, Qay "Zirə”nin qapısına qısa müddətdə 4 dəfə yol tapıb. Belə göstərici cari mövsümdə heç bir futbolçuya nəsib olmayıb. Halbuki, təkcə "Qəbələ” ilə "Zirə” yox, "İnter” ilə "Rəvan” və "Sumqayıt” ilə "Qarabağ” kubokda da üzləşdiklərindən, 11 gündə 3 dəfə rəqib olublar.
Təcrübəli yarımmüdafiəçi "Zirə" ilə matçdan sonra liderliyə yüksəlib. Belə ki, ukraynalı futbolçu 8 qolla "Qəbələ”nin cari mövsümdə ən sərrast oyunçusu olub. Qay hesabında 7 qol olan bosniyalı hücumçu Ermin Zetsi arxada qoyub. Onların hər ikisi çempionatda 5 dəfə fərqlənib.
Ukraynalı hücumçu Aleksey Antonov Azərbaycan Kubokunda hələ qol vura bilməsə də, Premyer Liqada 6 dəfə fərqləndiyindən, "Qəbələ”nin bombardiridir.