"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"ni səfərdə 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- İlk növbədə futbolçuları təbrik edirəm. Hava şəraitini düşünsək, oynamaq çətin idi. Bununla belə, futbolçular layiqli mübarizə apararaq, çempionluğu haqq etdilər. "Qəbələ" isə hər zaman oyunu öz xeyrinə dəyişməyi bacaran komandadır.
- Müəyyən məqamlarda top itkiləri oldu. Bu, hava şəraiti ilə bağlı oldu, yoxsa başqa səbəblə əlaqədar idi?
- Bəli, top itkiləri var idi. Hər bir oyundan qabaq meydanı sulayırlar. Suvarma sistemində problem var idi. Hər bir komandada itkilər olur. O cümlədən rəqibdə də...
- Mahir Mədətovun son oyunlarda fərqlənməsindən sonra "ulduz xəstəliyi"nə tutulacağından ehtiyatlanmırsınız?
- Siz də onun "ulduz xəstəliyi"nə tutulmasını istəmirsinizsə, ona zəng etməyin, sual verməyin. Onun ən üstün cəhəti istəkli olmasıdır. Ola bilsin, sarı vərəqəni tempi öldürmək üçün alıb. Əgər belədirsə, dəstəkləyirəm. Amma inanmıram ki, bu, "ulduz xəstəliyi"nə görədir. Mənim üçün onu eyni səviyyədə qorumaq asan deyil. Amma özü də üzərində işləməlidir.
- Səmimi soruşsaq, çempionluğa mane olacaq rəqib görürsünüz?
- "Zirə" yanvardan bəri yalnız bizə məğlub olub. Ən çox xal qazanan bu komandadır. Dəfələrlə futbolçularla bu məsələ barədə söhbətimiz olub. Çempionluğu düşünmək yox, arxayınçılıq oldusa, oyunumuzu itiririk. Bizim də əsas məqsədimiz oyunumuzu daha da yaxşılaşdırmaqdır. Futbolçularımız öz oyunlarını yaxşılaşdırmağı düşünməlidirlər. Məndən çempionuq sözünü almaq istəyirsinizsə, o sözü ala bilməyəcəksiniz. Bir məğlubiyyət belə, fərqin azalmasına gətirib çıxarar. Nə rəqibə, nə də xal fərqinə baxırıq.
- Reynaldonun meydana çıxmaması nə ilə bağlı idi: Ehtiyat etdiniz, yoxsa hələ də hazır deyildi?
- Onu meydana buraxmaqdan ehtiyat etdik. Əvvəlcədən 10-15 dəqiqə buraxmağı düşünürdük. Bizim üçün nəticədən sonra önəmlisi Reynaldonu qorumaq idi.