
Azərbaycan Premyer Liqasında bombardilrik yarışında mübarizə qızışır. Sportnet.az-ın məlumatına görə, yerli futbolçular hesabat turunda fərqlənməklə "Qarabağ”ın futbolçularına "əlcək atıblar”. Söhbət "Sumqayıt”la "Neftçi”nin gənc hücumçuları Amil Yunanov və Ruslan Qurbanovdan gedir.
Qurbanov "Qarabağ”ın əcnəbi yarımmüdafiəçiləri Riçard Almeyda ilə Dani Kintanaya çatıb. İndi hesablarında 8 qol olan bu 3 futbolçu lider olan "Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilyadan 2 qol geri qalır.
Yunanov isə 7-ci qoluna imza atıb. Maraqlıdır ki, o, sonuncu qolunu elə "Rəvan”a vurmuşdu. Bu il fərlqənə bilməyən gənc hücumçu sindromu keçmiş komandası ilə matçda qırıb. Özü də Yunanov qol vurduğu oyunlarda "Sumqayıt” uyduzmur, mütləq xal qazanır. Ruslan isə ölkə kubokunu da nəzərə alsaq qış fasiləsindən sonra 3-cü dəfə fərqlənib və bu il də "Neftçi”də ən çox qol vurandır.
Almeyda uzun müddət ən sərrast oyunçu idisə, artıq mövqeyini əldən verib. Çünki Riçard 21-ci turda "Xəzər Lənkəran”a penaltidən qol vurandan sonra fərqlənə bilmir. Bu, braziliyalı yarımmmüdafiəçisinin artıq 5 turdur qol vura bilmədiyi deməkdir.