"Rəvan”ın futbolçusu Saşa Yunisoğlu Premyer Liqada qış fasiləsindən sonra ilk avtoqolun müəllifi olub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının da üzvü olmuş 31 yaşlı müdafiəçi 26-cı turda "Sumqayıt”la ev oyununun (1:2) 8-ci dəqiqəsində topu öz qapısına göndərməklə hesabı açıb. Nəticədə "Rəvan”ın cari çempionatda 2-ci avtoqolu reallaşıb. Yamin Ağakərimzadə "Qarabağ”la ev oyununun 67-ci dəqiqəsində qapıları səhv salıb və onda da komandası 1:2 hesablı məğlub olub.
Göründüyü kimi, "Rəvan” artıq 2-ci dəfə avtoqola imza atıb və antirekordçu olub. "Sumqayıt” da cari çempionatda bu göstəriciyə malikdir. Fərq ondadır ki, burada avtoqol müəllifi bir futbolçu – Cəmil Hacıyevdir. Müdafiəçi "Zirə”yə 2:3 hesabı ilə yenildikləri səfər matçının (2:3) 16-cı, "Qəbələ” ilə 2:2 hesabı ilə bərabərliyə qaldıqları ev oyununun 40-cı dəqiqəsində topu öz qapısına göndərib.
Cari çempionatda daha bir avtoqol müəllifi isə "Xəzər Lənkəran”ın müdafiəçisi Zaman Mirzəzadədir. Gənc futbolçu "Zirə" ilə səfər oyununun 49-cu dəqiqəsində avtoqol etməklə rəqibin 1:0 hesablı qələbəsinə səbəbkar olub. Görnüdüyü kimi, avtqollardan daha çox yararlanaraq qələbə qazanan Premyer Liqanın debütantı zirərlilər olub. "Sumqayıt" isə həm özü avtoqol edib, həm də avtoqoldan qələbə qazanıb.