Azərbaycan Premyer Liqasının XVI turunun ilk günü avtoqolla əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, "Bayıl Arena”da keçirilən "Rəvan” – "Sumqayıt” oyununda meydan sahiblərinin müdafiəçisi Saşa Yunisoğıu topu öz qapısından keçirib.
Bu, mövsümün avtoqolu olmaqla yanaşı, həm də təcrübəli arxa xətt oyunçusu üçün antirekordçular sırasında düşməsi ilə nəticələnib. Yunisoğlu ölkə çempionatlarında 3-cü dəfə avtoqola üzülüb. O, 1999/2000 mövsümündə "Xəzər Universiteti”nin üzvü kimi "Şəfa” ilə, 2009/10 mövsümündə isə "Bakı”nın müdafiəçisi kimi "İnter”lə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü dəfə eyni uğursuzluğu yaşayan Yunisoğlu Azərbaycan çempionatlarında ən çox avtoqol edən 3 oyunçudan biri olub. Onadək Ayxan Abbasov və Natiq Qasımov da hərəyə 3 dəfə eyni uğursuzluğu yaşamışdı. 16 futbolçu isə 2 dəfə belə halla üzləşib.
Qeyd edək ki, cari mövsümdə Saşa Yunisoğluyadək 2 dəfə Cəmil Hacıyev ("Sumqayıt”), hərəyə 1 dəfə isə Yamin Ağakərimzadə ("Rəvan”) və Zaman Mirzəzadə ("Xəzər Lənkəran”) öz qapısına qol vurmuşdu.









































































