"Mən komanda üçün oynayıram. Əsas olan komandanın qələbəsidir, kimin qol ötürməsi verməsinin və qol vurmasının fərqi yoxdur. Azarkeşlərimizə qələbə bəxş etdiyimizə görə sevinirik. Əsas arzumuz Avroliqaya yollanmaqdır. Bu yolda yavaş-yavaş irəliləyirik". Sportnet.az-ın məlumatına görə, bunu klub saytına açıqlamasında "Kəpəz"in futbolçusu Budaq Nəsirov deyib.
Azərbaycan Premyer Liqasının XXVII turunda Gəncədə "Zirə" ilə oyunun 62-ci dəqiqəsində komandasına penalti qazandıran Nəsirov bunları bildirib: "Onlara bundan öncəki matçlarda iki xal verib, özümüz dörd xaldan məhrum olmuşduq. Fikrimcə, əvvəlki oyunlarda da qələbə qazanmalıydıq, çünki buna çox yaxın idik. Rəqibdən üstün ola-ola heç-heçə oynamışıq. Bu dəfə nəhayət ki, üstünlüyümüzü hesabda da əks etdirə bildik".
Bakı klubu ilə görüşdə sarı vərəqə almaqla mövsümdə üçüncü dəfə cəzalı duruma düşən və qarşıdakı turda meydana çıxa bilməyəcək yarımmüdafiəçi aqressiyasını belə açıqlayıb: "Aqressiv oynamağı çox sevirəm. Kumirim də Felipe Melodur, ondan motivasiya alıram. Melo fantastik futbolçudur, onun davamçısıyam (gülümsəyir). Hər oyunda komandama kömək etmək istəyirəm. Mübarizələri uduzmağı sevmirəm, ona görə də vərəqələrsiz keçinmək olmur".