Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, turun bütün görüşləri bir gündə baş tutacaq.
Tura Şüvəlanda start veriləcək. AZAL doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Avropa avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparan Şahin Diniyevin rəhbərlik etdiyi komanda yola inamla davam etmək üçün səfərdən 3 xalla dönməyə çalışacaq. UEFA-nın "İnter"ə tətbiq etdiyi avrokuboklardan 1 illik diskvalifikasiya cəzasından sonra demək olar ki, AZAL-ın da yolu açılıb. Tərlan Əhmədovun komandası evdə xal itirməyəcəyi təqdirdə ən yaxın izləyicisi "Neftçi"ni 4 xal qabaqlayacaq. Cütülüyün qarşılaşmasında son 4 matçda qonaq komandalar qələbə qazana bilməyib. Komandalar bugünədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 9-u AZAL-ın, 3-ü isə "Kəpəz"in qələbəsi ilə yekunlaşıb. Qalan 3 oyunda bərabərlik qeydə alınıb.
Cari mövsümdə istədiyi nəticəni qazana bilməyən "Xəzər Lənkəran" isə turnir cədvəlinin vahid lideri "Qarabağ"la qaşrılaşacaq. Oyunun nətivəsindən asılı olmayaraq komandaların mövqelərində heç bir dəyişiklik olmayacaq. Buna baxmayaraq "Qarabağ" liderlik pilləsində möhkəmlənmək, "Xəzər Lənkəran" isə uğursuz çıxışlara son qoymağa çalışacaq. Komandalar bugünədək 35 dəfə üz-üzə gəlib. 12 dəfə "Xəzər Lənkəran" qələbəyə sevinibsə, 18 dəfə "Qarabağ" 3 xal qazanıb. 5 oyun isə heç-heçə başa çatıb. Ağdam klubu "Xəzər Lənkəran”la ardıcıl 3 oyunda qapısının toxunulmazlığını qoruyub. "Qarabağ" son 8 oyunda meydanı qolsuz tərk etməyib və "Xəzər Lənkəran" 7 görüşdür qalib gəlmir.
Son turda "Kəpəz"ə səfərdə məğlub olan "Zirə" isə 8-ci pillədə qərarlaşan "Sumqayıt"ı sınağa çəkəcək. Meydan sahibləri öz mövqeyini qorumaq üçün bu görüşdə xal itirməməlidir. "Zirə" məğlub olarsa və digər görüşdə "Kəpəz" qələbə qazanarsa, tərəflər arasındakı xal fərqi 2-yə enəcək. Bu isə Adil mahmudovun komandasına mövqe baxımından təhlükə yaradacaq. "Sumqayıt" isə səfərdən xalla dönəcəyi təqdirdə, öz mövqeyində qalacaq. Buna baxmayaraq komanda ən yaxın qonşusu "Neftçi"yə yaxınlaşacaq. Tərəflər cəmi 3 dəfə üz-üzə gəlibsə, bunların 2-də "Zirə" qələbə qazanıb və bir oyunda komandalar hərəyə bir xalla kifayətlənməli olublar.
Növbəti görüş "Rəvan" və "Neftçi" komandaları arasında keçiriləcək. Autsayder pilləsindən xilas olmağa çalışan "Rəvan" 3 xal əldə edərsə, "Xəzər Lənkəran"la xal fərqini 3-ə endirəcək. Avrokuboklar üçün mübarizə aparan "Neftçi"yə isə qələbə hava və su kimi lazımdır. "Ağ-qaralar" 3 xalla bir pillə yüksələ bilər. Bunun üçün AZAL "Kəpəz"lə oyunda mütləq xal itirməlidir. Bugünədək keçirilən 11 oyunun 2-də "Rəvan", 8-də isə "Neftçi" qalib gəlib. Bir oyunda komandalar sülhlə ayrılıb.
Turun sonuncu - mərkəzi görüşündə isə "Qəbələ" doğma azarkeşlər önündə "İnter"i sınağa çəkəcək. "Bankirlər" UEFA-nın qərarından sonra cari mövsümdə yalnız Premyer Liqa medalları uğrunda mübarizə aparacaqsa, "qırmızı-qaralar" avrokubok iddiasını davam etdirir. "Qəbələ" qalib gələrsə, turnir cədvəlində qonşusu olan paytaxt klubu ilə xal fərqini bərabərləşdirəcək. "İnter" səfərdə qələbə qazanarsa, "Kəpəz"in AZAL-la oyunda xal itirməsi şərtilə 3-cülüyü ələ keçirəcək. Bugünədək keçirilmiş 31 oyunun 7-də "Qəbələ", 14-də isə "İnter" qalib gəlib. 10 oyunda bərabərlik olub.
3 aprel (bazar)
16:00. "Xəzər Lənkəran" – "Qarabağ" - 1:2
Qollar: Tural Qürbətov, 12 - Mahir Mədətov, 6; 72
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Fazil Mürşüdov
"Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. "Rəvan" – "Neftçi" - 1:0
Qol: Elvin Həsənəliyev, 3
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
"Bayıl Arena"
16:00. "Zirə" – "Sumqayıt" - 1:0
Qol: Nurlan Novruzov, 84
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
19:00. "Qəbələ" – "İnter" - 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
15:00. AZAL – "Kəpəz" - 3:0
Qol: Aydın Qasımov, 37. Hacı Əhmədov, 65. Mirzağa Hüseynpur, 90+3
Qırmızı vərəqə: Juninyo, 90+3 ("Kəpəz")
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"AZAL Arena"