
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL bu gün ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qızılcahamam stadionunda İranın U-21 milli komandası ilə qarşılaşan "təyyarəçilər" heç-heçə edib - 2:2.
Baş məşqçinin düşərgədə olan yeni futbolçuları sınadığı görüşdə iranlılar 2 qolla üstünlük əldə etsələr də, "təyyarəçilər" təslim olmayıb və bərabərliyə nail olub. AZAL-ın qollarını 38-ci dəqiqədə baxışda olan Cimmi Duqlas və 53-cü dəqiqədə kapitan Rəşad Abdullayev vurub.
Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 60), Tural Nərimanov (Kərim Diniyev, 46), Oskar Klyava, Xuanfran (Şəhriyar Rəhimov, 46), Luis Ramos, Xuanxo Pereyra, Rəşad Abdullayev (Orxan Səfiyaroğlu, 60), Everton Fernando Gilio (Viktor İbekoyi, 46), Qaqe Lusian Petre (Tomi Kostadinov, 46), Cimmi Duqlas (Yosip Maroşeviç, 46, Enrike Kordoba, 74).
Qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək. Rəqib Türkiyə Superliqasının təmsilçisi "Mersin İdman Yurdu" olacaq.
__________________________________________________________________________________________________________________
10:32
Türkiyənin Bolu bölgəsində hazırlıqlarını davam etdirən AZAL 5 yoxlama görüşü keçirəcək. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər"in yoxlama matçlarını keçirəcəyi bütün rəqiblər məlum olub.
Tərlan Əhmədovun başçılıq etdiyi komanda ilk oyununu bu gün keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası olacaq. Bundan sonra isə 2 dəfə Türkiyə Super Liqasının təmsilçisi ilə qarşılaşacaq AZAL iyulun 20-də "Mersin İdman Yurdu”, 23-də isə "Balıkesirspor”a rəqib olacaq. İyulun 25-də son mövsümün yükunlarına görə Super Liqadan PTT 1-ci liqaya düşmüş "Antalyaspor” ilə üz-üzə gələcək Şüvəlan təmsilçisi Boludakı son matçında Gürcüstan 1-ci divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan "Kolxeti 1913”-lə qaşrılaşacaq.
Qeyd edək ki, AZAL iyulun 16-da Türkiyə toplanışına start verib və bu ayın 28-də vətənə dönəcək.