Sabah Azərbaycan kuboku uğrunda 2015/2016 mövsümünün final oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq həlledici matçda "Qarabağ”la "Neftçi” üz-üzə gələcək. Bununla da daha bir mövsümə yekun vurulacaq.
Məlum olduğu kimi, bu, həmin komandaların iştirakı ilə ardıcıl 2-ci mövsüm təkrarlanan final olacaq. Sadəcə, fərq ondadır ki, "Qarabağ”la "Neftçi” ötən mövsüm paytaxtda yox, Qəbələdə qarşılaşmışdılar. Matç "Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
Qurban Qurbanovun komandası yenə "qızıl dubl” etməyə yaxındır. Hər halda, "Qarabağ” finalın aşkar favoritidir. Üstəlik, statistika də Ağdam klubunun xeyrinədir. "Qarabağ” "Neftçi” ilə kubok duellərində həm qələbə sayında, həm də mərhələdə qalib olmaqda üstündür. Bu, 1992-ci ildən bütün milli çempionatların iştirakçıları olan əzəli rəqiblərin kubokda 11-ci görüşü olacaq.
"Qarabağ” nə qədər favorit olsa da, "Neftçi”ni hesabdan silmək olmaz. Əvvəla, Qurban Qurbanovun komandası başa çatan çempionatda 4 məğlubiyyətlərdən 1-ni məhz "ağ-qaralar”dan alıb – 0:1. Düzdür, bu, Əsgər Abdullayevin baş məşqçiliyi dövründə olub. Həmin mütəxəssisi əvəzləyən Vəli Qasımov isə "Qarabağ”la hələ ki yeganə matçında evdə 1:2 hesabı ilə uduzub. Çempionatı 6-ci yerdə bitirməklə uğursuz çıxış edən "Neftçi” Avropa Liqasına "Zirə” ilə "İnter” iştirak edə bilmədiyinə görə vəsiqə qazanıb. Bu mənada ölkə kubokunun finalı avrokuboklar üçün vəsiqə vermir. "Neftçi” uğursuz mövsümü yalnız ölkə kubokunu qazanmaqla xilas edə bilər. Göründüyü kimi, bu titul Vəli Qasımovun yetirmələri üçün son şansdır.
Qeyd edək ki, "Qarabağ”la "Neftçi” indiyədək finalda 3 dəfə görüşüb. İlk final 1996-cı ildə məhz mərkəzi arenada olub və "ağ-aralar”ın 3:0 hesablı qələbəsi ilə nəticələnib. Yəni, finalda bərabərlikdir. Bu dəfə qalib gələn finalların statistikasında önə çıxacaq. Bunun hansı komanda olacağı sabah saat 20:00-da başlayacaq həllediici matçda bilinəcək.