Azərbaycan milli komandası üçün Avstriyadakı təlim-məşq toplanışları uğursuz alınır. Sportnet.az-ın məlumatına görə, millimiz bu ölkədə mayın sonunda-iyunun əvvəlində keçirdiyi uzunmüddətli hazırlıq prosesindəki yoxlama matçlarılnda bir qayda olaraq qələbə üzünə həsrət qalır.
Bu, 2010-cu ildə almaniyalı sabiq baş məşqçi Berti Foqtsun, indi isə xorvatiyalı hazırkı çalışdırıcı Robert Prosineçkinin vaxtında olub. Özü də hər toplanışda keçirilən 3 matçda eyni nəticələrin qeydə alınması diqqət çəkir.
Millimiz Foqtsun vaxtında Moldova ilə 1:1 hesablı, Hondurasla qolsuz bərabərliyə qaldı, Makedoniyaya 1:3 hesabı ilə uduzdu. İndi də makedonlarla matç toplanışın 2-ci oyunu oldu və yenə 1:3 hesablı məğlubiyyətimiz qeydə alındı. Yığmamız bu dəfə qolsuz bərabərliyi startda Andorra ilə etdi, son oyununda isə Kanada ilə 1:1 hesablı bərabərliyə qaldı. Millimiz son toplanışdakı matçlarda hər 2 qolunu yalnız penaltidən vura bildi.
Prosineçki 1 il öncə də komandanı Avstriyaya hazırlıq prosesinə apararaq yoxlama matçında sınadı. Onda Serbiya yığmasına böyük hesabla məğlub olduq - 1:4. Göründüyü kimi, millimiz orada keçirdiyi 7 oyunun 4-də heç-heçə edib, 3-də uduzub (topların fərqi 5-12).
Azərbaycan millisi üçün ümumiyyətlə, Avstriya səfərləri uğursuz alınıb. Bu ölkənin yığması ilə 2 seçmə mərhələdə rəqib olmuşuq. Bunlardan biri DÇ-2006-da, digəri Avro-2012-də olub. Millimiz braziliyalı Karlos Alberto Torres baş məşqçisi olan dövrdə Avstriyaya səfərdə 0:2, ardından Foqtsla 0:3 hesabı ilə uduzub.