Xorvatiya milli komandasının müdafiəçisi Vedran Çorluka "Qəbələ"nin sabiq legioneri Marat İzmaylovu qabaqlayıb. Sportnet.az-ın məlumatına görə, bu, AVRO-2016-da Xorvatiya - Türkiyə matçında olub.
Məsələ ondadır ki, Çorluka "Lokomotiv"in futbolçusu kimi millisində 32-ci oyununu keçirib. Bununla da təcrübəli müdafiəçi Moskva klubunun lider beşliyinə daxil olaraq İzmaylovu oyun sayında ötüb.
"Lokomotiv"in rekordu da elə bu final mərhələsində müəyyənləşib. Bu, "dəmiryolçular"la yollarını ayırsa da, iştirak ərizəsində hələ ki onun futbolçusu kimi göstərilən Yan Duritsadır. Bu müdafiəçi Slovakiya millisinin heyətində 45-ci oyununu Uelslə matçda keçirib.
Xatırladaq ki, Çorluka Türkiyə ilə matçda başı al-qana boyanaraq bir neçə dəfə həkim köməyinə ehtiyacı olub və başında sarıq oynayıb.