"Liberiya millisinin üzvü Toni Tisdellin "Qarabağ”la razılığa gəlməsi haqda məlumatla sosial mediadan tanışam. Ancaq bunun həqiqətəuyğun olmadığını deyə bilərəm”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Ağdam klubu hələ yeni legioner transfer etməyib. Hərçənd, "Qarabağ”ın Toni Tisdellə razılığa gəlməsi haqda məlumatlar yayılıb. Bildirilir ki, ötən mövsümü Türkiyə l liqasında İzmirinin "Karşıyaka” klubunda keçirən 24 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanandan sonra transferi açıqlanacaq.
Çəlikəkin sözlərinə görə, yeni legioner transferi ilə bağlı işlərə başlasalar da, bu, hələ nəticə verməyib: "Həmin liberiyalı futbolçu ilə razılığa gəlməmişik, onunla təmasımız da olmayıb. Ümumiyyətlə, hələ ki heç bir yeni legionerin keçidini həll etməmişik. Püşkatmadan sonra İsveçrəyə komandamızın düşərgəsinə gəlmişəm. Baş məşqçi Qurban Qurbanovla söhbətimiz olub. Onu istədiyi bir neçə futbolçu var. Bu, həm hücum, həm də digər mövqelərədir. Ancaq məsələ həllini tapmamış konkter açıqlama verməyi məqsədəuyğun saymıram”.
Qarabağ”ın direktoru bildirib ki, gündəmdə olan yeni transferlər baş məşqçinin səlahiyyətindədir: "Bunu nə dərəcədə reallaşdıracağımızı zaman göstərəcək. Hər halda, Qurban müəllimin istədiyi futbolçuların keçidini həll etməyə çalışacağıq".
Xatırladaq
ki, Azərbaycan çempionu mövsümlərarası fasilədə hələ ki yalnız "Qəbələ"dən Arif Daşdəmirovu transfer edib. Ağdam klubunun "Kəpəz"dən icarədən qaytardığı Namiq Ələsgərov isə Azərbaycan millisinin düşərgəsində zədələnib.