
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan "İnter"lə Avropa Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək cavab oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Miyan bunları bildirib:
"Bu vacib oyundur. Biz yeni komanda qurmağa başlamışıq. Son oyunlarda zəif təsir bağışlamışıq. Ancaq sabahkı oyuna ciddi hazırlaşmışıq".
- Baş məşqçi Bakıda sürpriz göstərəcəklərini vəd etmişdi. Bu sürprizi açıqlaya bilərsiniz?
- Bizim komanda əsasən evdə yaxşı oyun göstərir. İlk oyunda fərqlənmək şansımız oldu, ancaq yararlana bilmədik. Amma "İnter"in də güclü taktikası var. Rəqibimiz çox güclüdür.
- Belə çıxır ki, indidən təslim olursunuz?
- Biz belə asan təslim olmuruq. Düzdür, "İnter" güclüdür, xüsusən də orta xətti daha yaxşı təsir bağışlayır.
- Baş məşqçinin gəlməməsi futbolçulara təsir göstərməyəcək?
- Komandanın baş məşqçisinin ayağı sınıb və 2 ay müddətinə xəstəxanaya yerləşdirilib. Biz hər gün onunla əlaqə saxlayırıq. Düşünmürəm ki, bu komandaya mənfi təsir etsin. Ona görə də, bu barədə danışa bilmərəm.
- İsveç yığması dünya çempionatında iştirak edə bilmədi və klubları da məğlubiyyətlə üzləşir, uğurlu nəticə göstərmir. Demək olar ki, İsveç futbolu tənəzzülə doğru gedir?
- İsveç futbolunun müəyyən problemləri var. Bir neçə il bundan əvvəl güclü futbolçular var idi. İndi bir çox ölkələrin taktikası bizdən güclüdür. Biz dəyişiklik edirik və prosesi yavaş-yavaş həyata keçirirəm.
- Sabah məğlub olsanız, bu sizin üçün fiasko olmayacaq?
- Biz komandanı yenidən qurmağa yanvardan başlamışıq. Heç kəs bizdən yaxşı oyun, qələbə gözləmir. 3 il ərzində komandanı daha yüksək səviyyəyə qaldırmağı planlaşdırmışıq. Kim ucuz futbolçu istəsə, gəlib İsveçdən alır.