Sabah Azərbaycan klubları Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər. Sportnet.az-ın məlumatına görə, bu dəfə hər 3 təmsilçimiz eyni gündə meydana çıxacaq.
İlk təsnifat mərhələsində "Kəpəz" birinci matçını iyunun 28-də keçirmişdisə, "Neftçi" ilə "Qəbələ" 2 gün sonra oynamışdılar. Ancaq bu dəfə vəziyyət fərqlidir. "Kəpəz"lə "Qəbələ" indi təsnifat mərhələsində mübarizəni evdə yox, səfərdə başlayacaqlar. "Neftçi" isə əvvəlcə meydan sahibi olacaq.
Təmsilçilərimizdən ilk olaraq meydana məhz "ağ-qaralar" çıxacaqlar. Vəli Qasımovun komandası Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək. "Ağ-qaralar" 2014-cü ildən çıxış etdiyi "Bakcell Arena"da avrokuboklarda hələ də qələbə üzünə həsrət qalıblar. Bu uğursuz ənənənin davam etməsi "Neftçi"nin mərhələ keçmək şansını azaldacaq. Hər halda, onu da nəzərə alaq ki, makedoniyalılar ilk mərhələdə Polşanın "Krakoviya" klubunu hər 2 oyunda məğlub edə bilib - evdə 2:0, səfərdə 2:0. Matç saat 20:00-da başlayacaq.
Bundan 1 saat sonra "Kəpəz" Avstriyanın "Admira Vakker" klubunun qonağı olacaq. Rəqib Möldinq şəhərini təmsil etsə də, avrokuboklarda matçlarını Sankt-Pöltendə keçirir. Şahin Diniyevin yetirmələrinin ilk mərhələdə cütün taleyini məhz rəqib meydanında qazandığı qələbə ilə həll etməsi nikbinliyə əsas verir. "Admira Vakker"da heyət əsasən yerli gənc futbolçulardan təşkil olunub. Komanda ilk mərhələdə Slovakiyanın "Spartak" ilə evdə qolsuz heç-heçə etsə də, səfərdə ona qaib gəlib - 3:2.
Nəhayət, Bakı vaxtilə saat 22:30-da "Qəbələ"nin Macarıstan sınağı başlayacaq. Roman Qriqorçukun komandası Budapeştin MTK klubunun qonağı olacaq. Macarların ilk mərhələdə də rəqibi postsovet məkanı təmsilçisi olub. Bu, Qazaxıstanın "Aktobe" klubu idi. MTK ilk oyunda səfərdə 1:1 hesabı bərabərliyə qalıb və evdə qazandığı qələbə ilə bu mərhələyə yüksəlib - 2:0. "Qəbələ" cari mövsümdə böyükhesabla qələbə qazanan hələ ki yeganə klubumuzdur. Bu, Gürcüstanın "Samtredia" klubu üzərində Bakıda 5:1 hesablı qələbədir. Zestafonidəki cavab matçında 1:2 hesablı məğlubiyyət mərhələ keçməyimizə mane olmayıb.
Maraqlıdır ki, "Kəpəz" kimi "Qəbələ"nin də rəqibi təmsil etdiyi şəhərdə oynamayacaq. Yəni MTK ilə matç Budapeştdə yox, Qyor şəhərində baş tutacaq.