Sabah Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək. Sportnet.az-ın məlumatına görə, günün yeganə matçı Bakıda olacaq. "Kəpəz" Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da Avstriyanın "Admira" klubunu qəıbul edəcək. Matç Bakı vaxtilə saat 20:00-da başlayacaq.
Şahin Diniyevn komandası səfər matçında uduzmaqla işini çətinləşdirib. Düzdür, məğlubiyyət minimal hesabla olub. Ancaq gəncəlilərin rəqib meydanında qol vura bilməməyi işini daha da çətinləşdirir. Çünki evdə qol buraxacağımız halda bunun əvəzini çıxmaq üçün 2-ni vurmalı olacağıq.
"Kəpəz" üçün avrokuboklarda ilk oyunda 0:1 hesablı məğlubiyyət olub və bu, sonda mübarizəni kənarda qalmaqla nəticələnib. Söhbət 1999-ci ildə Çempionlar Liqasının ilk mərhələsində Makedoniyanın "Sloqa Yuqomaqnat" klubu ilə dueldən gedir. Səfərdə 0:1 hesabı ilə uduzan gəncəlilər Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəlsə də, bu, mərhələ keçməyə imkan vermədi. Çünki rəqibin vurduğu səfər qolu cütün qalibi onu etdi.
Gəncə təmsilçisi Avropa Liqasında "Dalğa Arena"da yeganə matçını debütdə keçirib. Bu, Moldovanın "Daçiya" klubu ilə qolsuz bərabərlik olub. "Kəpəz" bu dəfə də cütün qalibi olarsa, növbəti tarixi uğura imza atacaq. Çünki komanda 1995-ci ildən çıxış etdiyi avrokuboklarda mərhələ keçməsini məhz indi reallaşdırıb və iki mərhələ keçməsi də ilk olacaq. Şahin Diniyevin komandası III təsnifat mərhələsinə çıxarsa, Çexiyanın "Slovan" klubu ilə üzləşəcək.