
Yeni mövsümə hazırlıqlarını Türkiyənin Bolu əyalətində davam etdirən Bakının AZAL klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə kolumbiyalı hücumçu Con Enrike Kordoba ilə 2 illik müqavilə imzalanıb.
Bunadək Kordoba yalnız Cənubi Amerikada top qovub. Venesuelanın "Deportivo Lara”, "Deportivo Petare”, "Samora”, "Truxilyanos”, Boliviyanın "Bolivar” klublarının şərəfini qoruduqdan sonra o, vətəni Kolumbiyada "Deportivo Kukuta” və "Amerika de Kali”nin formasını geyinib.
Qeyd edək ki, bu, AZAL-ın yay "transfer pəncərəsi”ndə heyətinə qatdığı sayca 9-cu futbolçudur. Daha öncə paytaxt təmsilçisi Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov ilə müqaviləyə bağlayıb, Novruz Məmmədov və Orxan Lalayevi "Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni "Qarabağ”dan icarəyə götürüb.