"İlk oyunda zəif təsir bağışladığımızı deməzdim. Ancaq bu oyundan sonra müəyyən nəticələr çıxarmışıq. Sabahkı oyunda komandamızın nəyə qadır olduğunu layiqincə sübut edəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu Fransanın "Lill" komandasının baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə keçiriləcək cavab görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Fransalı mütəxəssis oyun haqda bunları bildirib: "Oyunçularımızın bir hissəsi ilk oyunda iştirak etmədi. Bəlkə də bununla əlaqədar yaxşı nəticə göstərə bilmədik. "Qəbələ" səddini keçə bilməsək, bizim üçün böyük uğursuzluq olacaq. Futbolda həm məğlubiyyət, həm də qələbə olur. Məğlub olacağımız təqdirdə istefa verib-verməyəcəyimizlə bağlı nəsə deyə bilmərəm. "Qəbələ"nin yaxşı oynayacağını gözləyirdik. Çünki güclü komandadır. Onların nəyə qadir olduğunu öyrənmişik. Bizə mərhələyə keçməyə mane olacaq tək amil "Qəbələ" klubudur".
F.Antenotti komandasının heç də zəif olmadığını söyləyib: "Düşünürəm ki, biz də "Qəbələ" kimi güclüyük və məqsədimiz eynidir. Bizim öz taktikamız var. Hücum futbolu oynaya bilərik, ya yox. Bu sabah məlum olacaq. Böyük ehtimalla Ederi də heyətdə görəcəyik. Futbolçularımızın oyunundan razıyıq".