"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Maribor" klubu ölkə çempionatında məğlubiyyətləri sıralayır. Sportnet.az-ın məlumatına görə, "Maribor" bu dəfə autsayder "Aluminij"ə evdə 0:2 hesabı ilə uduzub. Meydan sahibləri hər hissədə 1 qol buraxıb. Rəqib "Qəbələ" ilə avqustun 25-də keçiriləcək cavab oyununu düşünərək bir sıra əsas futbolçularına istirahət verib.
"Maribor" 6 oyundan sonra 8 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və lider "Olimpiya"dan 5 xal geri qalır. Yeri gəlmişkən, Lyublyana təmsilçisi son turda səfərdə azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Domjale"ni 3:1 hesabı ilə məğlub edib. Samirin adı matçın protokoluna da daxil edilməyib. 
Xatırladaq ki, "Qəbələ" ilə ilk oyundan öncə də çempionatda uduzan "Maribor" Bakıda 1:3 hesabı ilə məğlub olub.  









                 





    
    
    
    
    
    
    
    
    






















































